“Ukrayna müharibəsinin başa çatması real görünürmü: Rusiya və Ukrayna sülh sazişinə yaxınlaşır, yoxsa müharibə hələ uzun müddət davam edəcək?”
Mövzu ilə bağlı Gündəm24.az -a politoloq Elman Telmanoğlu maraqlı fikirlər səsləndirib. O, bildiribki, Ukrayna müharibəsinin başa çatması istiqamətində diplomatik imkanların artdığını söyləmək olar, lakin hələlik bunu sülh sazişinə real yaxınlaşma kimi qiymətləndirmək çətindir. Burada əsas məsələ tərəflərin danışıqlara hazır olub-olmamasından daha çox, hansı şərtlərlə masaya oturmasıdır. Rusiya hərbi-siyasi baxımdan əldə etdiyi mövqeləri danışıqlarda üstünlüyə çevirməyə, Ukrayna isə ərazi bütövlüyü və təhlükəsizlik təminatlarını qorumağa çalışır. Bu ziddiyyət aradan qalxmadığı müddətdə diplomatik təmasların intensivləşməsi avtomatik olaraq sülhə gətirib çıxarmayacaq.

Hazırda müharibənin taleyini yalnız Moskva və Kiyevin mövqeləri müəyyən etmir. ABŞ-ın vasitəçilik siyasəti, Avropanın Ukraynaya hərbi və maliyyə dəstəyi, Rusiyaya qarşı sanksiyalar və Avropanın gələcək təhlükəsizlik arxitekturası prosesin əsas siyasi faktorlarıdır. Ona görə də bu müharibə artıq yalnız Rusiya-Ukrayna qarşıdurması deyil, eyni zamanda Qərblə Rusiya arasında daha geniş geosiyasi rəqabətin tərkib hissəsidir. Bu baxımdan tərəflərin kompromisə getməsi üçün yalnız hərbi deyil, həm də ciddi siyasi motivasiya yaranmalıdır.
Mənzərə onu göstərir ki, yaxın perspektivdə ən real variant birbaşa yekun sülh müqaviləsindən əvvəl atəşkəs və mərhələli siyasi razılaşmaların əldə olunmasıdır. Əgər tərəflər ərazi məsələsi və Ukraynanın təhlükəsizliyinə təminatlar üzərində kompromis formulu tapa bilsələr, bu, müharibənin son mərhələsinin başlanğıcı ola bilər. Əks halda, tərəflərin danışıqlardan daha çox cəbhədə üstünlük qazanmağa çalışması müharibəni uzada bilər. Buna görə də hazırkı mərhələni sülhün artıq əldə olunduğu deyil, müharibənin siyasi həllinin mümkün olduğu, lakin bunun üçün hələ ciddi geosiyasi razılaşmaların tələb olunduğu mərhələ kimi xarakterizə etmək daha doğru olar.
Gündəm24.az
İlkin Əlyar














