Qərbi Azərbaycanın tarixi toponimlərindən biri olan Ləlvar kəndi keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar Barana (Noyemberyan) rayonunun ərazisində yerləşib. Kənd Barana yaşayış məntəqəsindən təxminən 28 kilometr şimal-qərbdə, Tona (Debed) çayının sahilində, Ləmbəli kəndinin yaxınlığında salınmışdı.
Ləlvar kəndi adını yaxınlığındakı Ləlvər dağından götürüb. Mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsi dağın ətəyində yerləşdiyinə görə Ləlvar adlandırılıb. Toponimin “ləl” və “var” sözlərinin birləşməsindən yarandığı bildirilir. Burada “var” sözü “möhkəmləndirilmiş kənd”, “qala” və ya “bənd” mənalarında izah olunur.
Ləlvarın tarixi taleyində diqqətçəkən məqamlardan biri onun sonradan ayrıca yaşayış məntəqəsi kimi mövcudluğunu itirməsidir. Tarixi-coğrafi məlumatlara əsasən, kənd sonralar yaxınlığındakı Ləmbəli kəndi ilə birləşdirilərək ləğv edilib. Beləliklə, Ləlvar adı inzibati yaşayış məntəqəsi kimi xəritələrdən silinsə də, bölgənin tarixi toponimləri sırasında qorunub.
Bu gün Ləlvar adı Qərbi Azərbaycanın tarixi-coğrafi yaddaşında yaşayır. Tona çayının sahilində, Ləlvər dağının ətəyində yerləşmiş bu kəndin adı bölgənin keçmiş yaşayış məntəqələrini araşdırarkən xatırlanan toponimlərdən biridir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov












