8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt şəhərində Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi və Sumqayıt Gənclər Evi tərəfindən “Gəncliyin Zəfər Səsi” adlı tədbir təşkil olunub.
Gündəm24.az xəbər verir ki, tədbirə başlamazdan əvvəl Sumqayıt Gənclər Evinin qarşısında ağacəkmə aksiyası keçirilib. Aksiya iştirakçıları ərazidə müxtəlif ağaclar əkərək ətraf mühitin qorunmasına və şəhərin yaşıllıq sahələrinin artırılmasına diqqət çəkiblər.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və şəhərin fəal gəncləri bir araya gəlib.
Tədbirin açılışında çıxış edən Sumqayıt Gənclər Evinin direktoru Nərgiz Nağıyev Zəfər Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu bildirib. O, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin xalqımızın həmrəyliyi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və dövlətimizin siyasi iradəsi sayəsində mümkün olduğunu qeyd edib.
Direktor Zəfər tarixinin gənclərə aşılanmasının, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılmasının və gənclər arasında vətənpərvərlik duyğularının daha da gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov Zəfər Gününün Azərbaycan xalqının milli qürurunun ifadəsi olduğunu bildirib. O, Vətən müharibəsində qazanılan Qələbənin xalq-ordu-dövlət birliyinin ən parlaq nümunələrindən biri olduğunu deyib. Ramiz İsmayılov gənclərin Zəfər tarixini dərindən öyrənməsinin və bu tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin İdarə Heyətinin üzvü, Sumqayıt şəhər Bələdiyyəsinin üzvü Akif Şahbazov isə çıxışında Zəfərin milli və tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının xalqımız üçün böyük tarixi hadisə olduğunu bildirib və bu Qələbənin Qərbi azərbaycanlıların yaddaşında da xüsusi yer tutduğunu qeyd edib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlar zamanı 44 günlük Vətən müharibəsinin mühüm tarixi məqamları, Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında göstərdiyi şücaət, Şuşanın azad olunmasının Zəfər Qələbəsindəki əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Tədbirin bədii proqramında şəhid ailələrinin üzvləri və qazilər öz düşüncələrini bölüşüblər. İştirakçılara “Zəfər dastanı” və “Həmişə bizimləsiniz” adlı videoçarxlar nümayiş etdirilib.
Proqram çərçivəsində “Cənnətim Qarabağ” mahnısı ifa olunub, “Qarabağın Şikəstəsi” musiqi nömrəsi təqdim edilib.
Sonda Sumqayıt Gənclər Evinin könüllülərinin iştirakı ilə Dövlət Himni səsləndirilib və tədbir başa çatıb.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi






































