Sumqayıt şəhərində fəaliyyət göstərən Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin təşkilatçılığı ilə Qərbi Azərbaycanlı ağsaqqal, publisist, şair və pedaqoq Əvəz Mahmud Lələdağın həyat və yaradıcılığına həsr olunmuş sərgi keçirilib.
Gündəm24.az xəbər verir ki, “Əvəz Mahmud Lələdağın həyat salnaməsi” adlı sərgidə ziyalının həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin materiallar nümayiş etdirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəsi Ramiz İsmayılov, İcmanın Gənclər Şurasının sədri Fuad Məmmədov, şəhid anası Ruhiyyə Əhmədova, qocaman pedaqoq Sabir Məmmədov, ağsaqqallar, Qərbi Azərbaycan İcmasının üzvləri və nümayəndələri, eləcə də Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin kollektivi iştirak ediblər.
Sərgidə Əvəz Mahmud Lələdağın həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, şəxsi əşyalar, müəllifi olduğu kitablar, mətbu orqanlarında dərc olunan yazıları və çıxışları, aldığı təltiflər, fəxri fərmanlar və digər tarixi əşyalar nümayiş etdirilib.
Tədbirdə Əvəz Mahmud Lələdağın zəngin yaradıcılıq irsi, publisistik fəaliyyəti və pedaqoji fəaliyyəti barədə məlumat verilib. Çıxışlarda onun Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai-mədəni həyatına verdiyi töhfələr vurğulanıb.
Qeyd olunub ki, belə sərgilərin keçirilməsi görkəmli ziyalıların həyat və fəaliyyətinin yaşadılması, onların irsinin gələcək nəsillərə çatdırılması və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

















Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi














