Noyabrın 5-də Sumqayıt Muğam Mərkəzində şəhid ailələri, şəhid anaları, qazilər və müharibə veteranları ilə görüş keçirilib. Görüş millət vəkili Səbinə Salmanovanın təşkilatçılığı ilə baş tutub.
Gündəm24.az xəbər verir ki, tədbirdə millət vəkili Səbinə Salmanova, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəsi Ramiz İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatının nümayəndəsi Mehriban Nəcəfova və digər şəxslər iştirak ediblər.
Görüş Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşün əsas məqsədi şəhid ailələri, xüsusilə şəhid anaları, qazilər və müharibə veteranları ilə bir araya gəlmək, onların qayğı və problemlərini dinləmək, müraciətlərini yaxından öyrənmək və səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq addımların atılmasına dəstək göstərmək olub.
Tədbirdə çıxış edən millət vəkili Səbinə Salmanova şəhid ailələrinin və müharibə iştirakçılarının daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb. Şəhid analarının fədakarlığının və onların cəmiyyətimizdə xüsusi ehtiramla qarşılanmasının əhəmiyyətindən danışılıb.
Çıxışlarda şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib, onların sosial və digər məsələlərinin diqqətdə saxlanılmasının vacibliyi qeyd olunub.
Görüş zamanı şəhid ailələri və şəhid anaları, qazilər və veteranların müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səsləndirilən problemlərin aidiyyəti qurumlarla birlikdə həlli istiqamətində müvafiq addımların atılmasının vacibliyi bildirilib.
Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə şəhid ailələri ilə bu cür görüşlərin mütəmadi keçirilməsinin, onların müraciətlərinin dinlənilməsinin və problemlərinin həllinə dəstək göstərilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.




Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi












