20 noyabr 1991-ci il Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Həmin gün Qarakənd kəndi yaxınlığında Azərbaycanın dövlət və hökumət nümayəndələrini, deputatları, jurnalistləri, eləcə də digər rəsmi şəxsləri daşıyan Mi-8 helikopterinin vurulması nəticəsində 22 insan həyatını itirdi.
Qarakənd faciəsi müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın üzləşdiyi ağır sınaqların biridir. Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmişdi. Lakin müstəqilliyin ilk illəri xalqımız üçün son dərəcə mürəkkəb keçirdi: ölkə xarici təcavüz, daxili siyasi qarşıdurmalar, iqtisadi çətinliklər və dövlət idarəçiliyindəki böhranla üz-üzə qalmışdı.
Qarakənd faciəsi də məhz belə ağır bir tarixi mərhələnin içində baş verdi.Bu faciədə dövlətçilik tariximizin görkəmli simaları, tanınmış nümayəndələri həyatını itirdi. Onların sırasında Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Zülfü Hacıyev, Osman Mirzəyev, Alı Mustafayev və digər şəxslər vardı.Bu itkilər yalnız ayrı-ayrı ailələrin faciəsi deyildi. Bu, Azərbaycan dövlətini üçün ağır zərbə idi.
O dövrü bu gün qiymətləndirərkən bir məqamı xüsusilə qeyd etmək lazımdır: müstəqilliyi elan etmək başqa, onu qorumaq tamam başqa məsələdir.1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında dövlətçilik institutlarını qurmaq, ölkənin ərazi bütövlüyünü qorumaq, güclü ordu yaratmaq və beynəlxalq aləmdə öz mövqeyini formalaşdırmaq kimi nəhəng vəzifələr dayanırdı.
Təəssüf ki, müstəqilliyin ilk illərində ölkə bu vəzifələrin öhdəsindən lazımi səviyyədə gələ bilmədi. Nəticədə Azərbaycanın əraziləri işğala məruz qaldı, yüz minlərlə insan doğma torpaqlarından didərgin düşdü.
Belə bir məqamda tarix qarşısında əsas sual ortaya çıxırdı: Azərbaycan müstəqilliyini qoruya biləcəkmi?
1993-cü ilin iyununda xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində mühüm dönüş nöqtəsi oldu. İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin tarix Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu. Oktyabrın 3-də isə ümumxalq seçkisi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyevin qarşısında sadə vəzifələr yox idi. Qarşısında dövlətçiliyin dağılmaq təhlükəsi, separatizm, vətəndaş qarşıdurması, iqtisadi böhran və davam edən müharibə dayanırdı.
Lakin məhz həmin dövrdə dövlət institutlarının möhkəmləndirilməsi, nizami ordunun yaradılması, ictimai-siyasi sabitliyin təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.Bu baxımdan Qarakənd faciəsi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı arasında tarixi bir əlaqə görmək mümkündür.
Qarakənd faciəsi bizə müstəqilliyin nə qədər kövrək və ağır sınaqlardan keçdiyini, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı isə həmin müstəqilliyin qorunmasının nə qədər həyati əhəmiyyət daşıdığını göstərir.
Heydər Əliyevin özünün siyasi fəaliyyətində də dövlət müstəqilliyi əsas xəttlərdən biri idi. Onun hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas məqsədlərdən biri müstəqil Azərbaycan dövlətinin əsaslarını möhkəmləndirmək və ölkənin ərazi bütövlüyünün təmin olunması üçün siyasi, hərbi və iqtisadi imkanları gücləndirmək idi.
Bu gün Qarakənd faciəsinin 35-ci ildönümündə həmin hadisəni yalnız hüznlə yad etmək kifayət deyil. Biz tarixdən nəticə çıxarmalıyıq.Çünki dövlətçilik yaddaşı olmayan xalq öz tarixinin ən ağır dərslərini təkrar yaşaya bilər.
Qarakənddə həlak olan 22 insanın xatirəsi Azərbaycan dövlətinin müstəqillik yolunun qanlı səhifələrindən biridir. Onların xatirəsini yaşatmaq həm də müstəqilliyin hansı ağır bədəllər hesabına qorunduğunu gələcək nəsillərə anlatmaq deməkdir.
Bu gün Azərbaycanın dövlət müstəqilliyi bizim üçün sadəcə siyasi anlayış deyil. Bu, şəhidlərimizin qanı, xalqımızın mübarizəsi və dövlətçilik iradəsi ilə qorunan ən böyük milli dəyərimizdir.
Qarakənd faciəsi bizə itkilərimizi xatırladır.Heydər Əliyevin siyasi irsi isə bizə göstərir ki, belə ağır sınaqlardan çıxmağın yolu güclü dövlət, milli birlik və dövlətçilik iradəsindən keçir.Onların əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ramiz İsmayılov
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri














