Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri olan Şalbulaq kəndi keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar Sərdarabad (Oktemberyan) rayonunun ərazisində yerləşib. Kənd rayon mərkəzindən təxminən 9 kilometr cənub-qərbdə, Araz çayının sol sahilində salınmışdı. Şalbulaq adı Qafqazın beşverstlik xəritəsində də qeydə alınıb. Erməni mənbələrində kəndin adı Savarud formasında göstərilib.
Tarixi demoqrafik məlumatlara görə, Şalbulaq kəndində 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər azərbaycanlı yaşayıb. 1908-ci ildə əhalinin sayı 96, 1914-cü ildə 128, 1916-cı ildə isə 132 nəfər olub. Bu rəqəmlər kəndin həmin dövrdə azərbaycanlıların yaşadığı yaşayış məntəqələrindən biri olduğunu göstərir.

1918-ci ildə kənd erməni silahlı qüvvələrinin hücumlarına məruz qalıb və azərbaycanlı sakinləri qırğınlarla doğma yurdlarından deportasiya edilib. Sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş sakinlərdən sağ qalanların bir qismi ata-baba yurdlarına qayıda bilib. 1922-ci ildə Şalbulaqda 108, 1926-cı ildə 106, 1931-ci ildə isə 96 azərbaycanlı qeydə alınıb.
1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin qərarı əsasında kəndin azərbaycanlı sakinləri tarixi-etnik torpaqlarından Azərbaycana köçürülüb. Sonradan kənddə xaricdən köçürülən ermənilər məskunlaşdırılıb.

Şalbulaq kəndinin adı 1968-ci il iyulun 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə dəyişdirilərək Usakert qoyulub. Beləliklə, tarixi Şalbulaq adı rəsmi inzibati ad kimi istifadədən çıxarılıb.
Bu gün Şalbulaq adı Qərbi Azərbaycanın tarixi-coğrafi yaddaşında yaşayır. Araz çayının sol sahilində yerləşən, əsrlər boyu azərbaycanlıların yaşadığı bu kəndin adı tarixi xəritələrdə, arxiv məlumatlarında və keçmiş sakinlərinin yaddaşında qorunub saxlanılır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














