Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri olan Yarpızlı kəndi keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Basarkeçər rayonunun ərazisində yerləşib. Kənd Göyçə gölünün sahilində, rayon mərkəzindən təxminən 12 kilometr cənub-qərbdə, dəniz səviyyəsindən 2040 metr yüksəklikdə yerləşirdi.
Yarpızlı kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Söyüdlü” adı ilə, başqa adı Yarpızlı kimi qeyd olunub. Toponim yabanı bitki olan yarpız sözünə “-lı” şəkilçisinin artırılması ilə yaranıb və bitki adından formalaşan yer adı hesab olunur.
Tarixi statistik məlumatlara görə, kənddə 1831-ci ildə 121, 1873-cü ildə 398, 1886-cı ildə 465, 1897-ci ildə 584, 1914-cü ildə isə 815 azərbaycanlı yaşayıb. 1918-ci ilin sonu – 1919-cu ilin yanvarında kəndin azərbaycanlı əhalisi hücumlar nəticəsində qovulub, kənd yandırılıb. Sovet hakimiyyəti qurulduqdan sonra sakinlərin bir qismi geri qayıdıb. 1948–1953-cü illərdə azərbaycanlıların bir hissəsi yenidən Azərbaycana köçürülüb, 1988-ci ildə isə kəndin azərbaycanlı əhalisi sonuncu dəfə deportasiyaya məruz qalıb.
Yarpızlı kəndi tarixi abidəsi ilə də tanınır. Burada V–VI əsrlərə aid qala qalıqları mövcud olub. Kəndin adı 1967-ci il mayın 25-də dəyişdirilərək Lçavan qoyulub. Hazırda yaşayış məntəqəsi Ermənistanın Geğarkunik vilayətinin ərazisində yerləşir.
Bu gün Yarpızlı adı Göyçə mahalının tarixi yaddaşında yaşayır. Qədim qala izləri, tarixi toponimi və sakinlərinin yurd xatirələri bu kəndi Qərbi Azərbaycanın unudulmayan yaşayış məntəqələrindən birinə çevirir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov













