Paytaxtın mərkəzində yerləşən daha bir memarlıq abidəsinin orijinal görünüşünə müdaxilə edilib. Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən və dövlət mühafizəsində olan (inventar № 3426) tarixi binanın qədim qapısı sökülərək müasir şüşə konstruksiya ilə əvəz olunub.
Gündəm24.az xəbər verir ki, məsələni tanınmış memar Elçin Əliyev ictimailəşdirib.
Baş verənləri açıq-aşkar vandalizm adlandıran memar aidiyyəti dövlət qurumlarının – xüsusilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsələyə göz yummasına sərt etirazını bildirib: “Güman edirəm ki, bu, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xəbəri ilə baş verib. Hər gün öz mənzillərində təmir işləri aparan sıravi vətəndaşların axtarışında şəhəri dolaşan onlarla xidmət əməkdaşının mövcudluğu şəraitində Bakının düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil”.
Elçin Əliyev qeyd edib ki, bu, son bir il ərzində həmin ünvanda tarixi memarlıq elementini şüşə ilə əvəz etmək üçün edilən artıq ikinci cəhddir. Memar birinci cəhd zamanı ona edilən qeyri-qanuni təkliflə bağlı da şok detalları açıqlayıb:
“Əvvəlki cəhd zamanı mənə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri vasitəsilə susmağım müqabilində xeyli məbləğdə rüşvət təklif edilmişdi! Təbii ki, imtina etdim. Başqa cür ola da bilməzdi! Bu çirkin oyunlarda kimlərin iştirak etdiyini də bilirəm. Təəssüf ki, onların arasında tanışlarım da var idi”.
Obyekt sahiblərinə sərt xəbərdarlıq edən memar onları tarixi qapını dərhal öz qanuni yerinə qaytarmağa çağırıb və şəhərin tarixi irsi üzərində özbaşına qərar verməyə heç kimin haqqı olmadığını vurğulayıb.
Məsələ ilə bağlı ən diqqətçəkən məqam isə ölkənin mədəniyyət naziri Adil Kərimlinin baş verənlərdən məlumatlı olmasıdır. Elçin Əliyev bildirib ki, nazir Adil Kərimli artıq hadisədən xəbərdardır və məsələnin ciddi şəkildə araşdırılacağına söz verib.
İndi paytaxt ictimaiyyəti və memarlar Mədəniyyət Nazirliyinin bu özbaşınalığa qarşı atacağı konkret addımları və sökülən tarixi qapının yerinə qaytarılmasını gözləyir.//musavat















