Azərbaycanda mal ətinin qiymətində artım tendensiyası davam edir. Son aylarda bazarlarda ətin həm sümüklü, həm də sümüksüz növlərinin bahalaşması istehlakçıların xərclərinə də təsirsiz ötüşmür. Əhalinin gündəlik tələbatında mühüm yer tutan bu məhsulun qiymətindəki artım xüsusilə aztəminatlı ailələr üçün əlavə çətinlik yaradır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin oktyabr ayında sümüksüz mal ətinin orta qiyməti 21,57 manat, sümüklü mal ətinin orta qiyməti isə 17,88 manat təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 2,27 manat və 1,94 manat artıb. Beləliklə, bir il ərzində mal ətinin hər iki növündə nəzərəçarpacaq qiymət yüksəlişi qeydə alınıb.
Qiymət artımı pərakəndə satış məntəqələrində də özünü göstərir. Məsələn, paytaxtın “8-ci kilometr” bazarında sümüklü dana ətinin kiloqramı 19 manata, sümüksüz ətin kiloqramı isə 21-22 manata təklif olunur. Satıcıların sözlərinə görə, son dövrlərdə ətin tədarükü və satış xərcləri artıb, bu isə son qiymətə birbaşa təsir göstərir.
Qəssablar bildirirlər ki, heyvanın alınmasından tutmuş onun daşınması, boşaldılması, kəsim məntəqəsinə aparılması və satış yerinə çatdırılmasına qədər bir sıra əlavə xərclər yaranır. Onların sözlərinə görə, bütün bu məsrəflər ətin maya dəyərini artırır. Eyni zamanda, qiymətlərin yüksəlməsi alıcıların sayına və satış həcminə də təsir edir.
Bəs mal ətinin bahalaşmasının səbəbləri hansılardır? Qiymət artımı müvəqqəti xarakter daşıyır, yoxsa qarşıdakı aylarda da bahalaşma davam edəcək? Bazarda qiymətlərin sabitləşməsi üçün hansı addımlar atılmalı, yerli heyvandarlığın inkişafı və ət istehsalının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.

İqtisadçı qeyd edib ki, ət bazarında qiymət artımı bir neçə əsas amillə bağlıdır:
“Bunların başında saxlanılan heyvanların sayının azalması və qiymətlərin yüksəlməsinə baxmayaraq, ətə tələbatın artması gəlir. Son 10 ilin statistikasına nəzər salsaq, görərik ki, saxlanılan xırdabuynuzlu heyvanların sayı təqribən 20 faiz azalıb. İribuynuzlu heyvanların sayında da azalma müşahidə olunur və bu göstərici 5-6 faiz təşkil edir. Eyni zamanda, əhalinin ətə tələbatı da artıb. Belə ki, kəsilən ətin həcminə dair statistikaya əsasən, son 10 ildə bu göstəricidə 25 faizlik artım qeydə alınıb”.
İqtisadçının sözlərinə görə, heyvandarlıqla əvvəlki səviyyədə məşğul olunmamasının da öz səbəbləri var:
“Boş otlaq sahələrinin azalması və heyvan saxlamağın getdikcə daha bahalı prosesə çevrilməsi ev təsərrüfatlarının bu sahədəki rolunu zəiflədib. İntensiv təsərrüfatlarda isə heyvanların saxlanma xərcləri daha yüksəkdir. Bütün bunlar nəticə etibarilə ətin bahalaşmasını şərtləndirir”.
Xalid Kərimlinin sözlərinə əsasən, əvvəllər ət qiymətlərinin artmasının qarşısını alan əsas amillərdən biri idxal olub:
“Lakin idxal edilən ölkələrdə də ətin bahalaşması ucuz idxal imkanlarını məhdudlaşdırıb. Bu isə ət bazarında yeni qiymət tarazlığının formalaşmasına səbəb olur. Əvvəllər Ukraynadan gətirilən ucuz ət məhsulları bazarda mühüm rol oynayırdı. Ukrayna-Rusiya müharibəsi də son illərdə ət bazarında qiymət artımına təsir göstərən əsas amillərdəndir. Həm Rusiyada, həm də Ukraynada ətin qiyməti bahalaşıb, eyni zamanda, logistika xərcləri də əvvəlki səviyyədə deyil.
Beləliklə, ucuz idxal imkanlarının məhdudlaşması, idxal məhsullarının bahalaşması, yerli heyvandarlıqda saxlanılan heyvanların sayının azalması və tələbatın yüksəlməsi ət qiymətlərinin artmasına səbəb olur. Bu amillər yaxın gələcəkdə də bahalaşmanın davam edəcəyi ilə bağlı proqnozları gücləndirir”.
İqtisadçının fikrincə, ətin bahalaşmasının müsbət tərəfi də var: “Belə ki, qiymət artımı bu sahəni sahibkarlar üçün tədricən daha cəlbedici edir. Fəaliyyətin rentabelliyinin yüksəlməsi sahibkarların heyvandarlığa marağını artıra və gələcəkdə bu sahəyə investisiya qoyuluşunu stimullaşdıra bilər. Xəstəliklərin təsirinə gəlincə, bu amil də bazara çıxarılan ət təklifinə ciddi mənfi təsir göstərərək qiymətlərin artımını sürətləndirə bilər. Ölkədə yayılan dabaq xəstəliyinin miqyası və onun bazara çıxarılan ət təklifinin həcminə təsiri qiymətlərin sonrakı dinamikasında mühüm rol oynayacaq. Burada əsas məqam ondan ibarətdir ki, xəstəliklərin yayılması qiymətləri artıran amil kimi çıxış edir. Çünki xəstə heyvanlardan əldə edilən ətin bazara çıxarılması mümkün deyil və bu da təklifin azalmasına gətirib çıxarır”.
İqtisadçı qarşıdakı aylarda da ətin qiymətinin bahalaşacağını vurğulayıb:
“Yəni qiymət artımının bayramlarla və digər mövsümi amillərlə əlaqəsi yoxdur, bunun fundamental səbəbləri var. Qiymətlərin ucuzlaşması üçün ilk növbədə dünya bazarında ət məhsullarının qiyməti aşağı düşməlidir. Çünki idxal vasitəsilə daha ucuz məhsullar gətirilməlidir ki, daxili bazarda da vəziyyət sabitləşsin. Yerli heyvandarlığın inkişafı istiqamətində müəyyən proqramlar qəbul edilib. Həmin proqramlarda mal əti istehsalının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulur, subsidiya mexanizmlərində də dəyişikliklər edilir. Lakin güman etmirəm ki, bütün bu tədbirlər qiymət artımının qarşısını ala bilsin. Ümumiyyətlə, mövcud şərtlər daxilində qiymət artımının qarşısını almaq mümkün görünmür”.













