Son günlər sosial mediada, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirdiyini əks etdirən görüntülər yayılıb.
Gündəm24.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı APA-nın sorğusuna cavabında bildirib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil.
Bununla yanaşı, səfirlik qeyd edib ki, “hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir”.
Səfirlik, habelə, əsassız məlumat və materialların paylaşılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.













