Sumqayıt şəhərində 44 yaşlı kişi baldızına xəsarət yetirib.
Məlumata görə, hadisə 16-cı mikrorayonda baş verib. 1982-ci il təvəllüdlü Rahib yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Əminənin (adlar şərtidir – red.) alnına yumruqla zərbə vuraraq ona xəsarət yetirib.
Rahib barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rahib bildirib ki, hadisə günü axşam saat 22-23 radələrində işdən evə gəlib:
“Bu zaman uşaqlarımdan ikisini həyətdə gördüm. Həmin vaxt həyat yoldaşımın telefonda başqa kişilərlə yazışdığının, onlara səsli mesajlar göndərdiyinin və əxlaqsızlıq etdiyinin şahidi oldum. Buna görə həyat yoldaşımı vurdum. Bundan sonra onun bacısı Əminə evə gəldi. Əminə məni söydüyü üçün əsəbiləşdim və onu yumruqla vurdum”.
Zərərçəkmiş Əminə isə ifadəsində bildirib ki, işdə olarkən gecə saat 02:00-da Rahib ona zəng edərək bacısının başqa bir oğlanla danışdığını deyib:
“Daha sonra bacım Nailə yaşadığım evə gəldi. Bundan sonra Rahib gələrək Nailəni evdən apardı. Bir qədər sonra Rahib zəng edərək bacımı döydüyünü, saçını qırxdığını bildirdi.
İşdən çıxaraq Rahibin evinə gəldim. Qapını onun anası açdı. Həmin vaxt Nailənin saçları qırxılmış, dodağına çəngəllə xəsarət yetirilmiş, üzü-gözü isə pis vəziyyətdə idi.
Rahib məni döyə-döyə evdən çıxardı, məhəllədəki aptekə qədər vurdu. Üzüm qan içində idi. Həmin vaxt oradan keçən polislərə yaxınlaşdım. Səs-küyə qonşular da yığıldı”.
Əminə təqsirləndirilən şəxslə barışmadığını deyib. Onun sözlərinə görə, Rahib alnına və qaşına həm əlindəki telefonla, həm də yumruqla zərbələr endirib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Rahib 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, Rahibə cəzaçəkmə müddətində hər gün saat 23:59-dan növbəti gün saat 07:00-dək, Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini tərk etmək, həmçinin Sumqayıt və Bakı şəhərlərinin, eləcə də Abşeron rayonunun hüdudlarından kənara çıxmaq qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, iş yerini dəyişməsi və ya yeni işə düzəlməsi barədə cəzanın icrasına nəzarət edən orqana əvvəlcədən məlumat vermək vəzifələri qoyulub.
Hökmdə qeyd olunub ki, yaşayış yerini tərk etmək qadağası müalicə ilə əlaqədar xəstəxanada olduğu müddətə şamil edilmir.
Mənbə: Demokrat.аz













