Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) PKK terror qruplaşmasının həbsdə olan qurucu lideri Abdullah Öcalanla görüş üçün İmralı adasına göndərəcəyi nümayəndə müəyyənləşib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının toplantısında keçirilən səsvermədə 32 lehinə, 2 bitərəf və 3 əleyhinə olmaqla İmralıya ziyarətlə bağlı qərar qəbul edilib. Nəticədə həbsxanaya Hatay üzrə millət vəkili və partiya rəhbərinin köməkçisi Hüseyn Yaymanın göndərilməsinin razılaşdırıldığı deyilir.
Lakin bu qərar ölkədə ciddi narazılıq doğurub. Hətta beynəlxalq müstəvidə də bir terrorçu liderə qarşı belə həssas davranışın anlaşılmaz olduğu bildirilir.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, politoloq Zeynal Əmrəliyev deyib ki, Türkiyədə davam edən müzakirə prosesi ciddi narahatlıqlar doğurur:
“Türkiyə parlamentində məsələnin müzakirəsi üçün komissiya yaradılıb və burada müxtəlif fikirlər dinlənilir. Hökumət cəmiyyətdəki sərt reaksiyalara görə məsələyə ehtiyatla yanaşır. Bir dəfə bu proses uğursuz nəticələndiyi üçün indi daha çox narahatlıq var.
Koalisiya ortaqları arasında fərqli yanaşmalar mövcuddur. AKP-nin parlament fraksiyasının rəhbəri Abdullah Gülər partiyasının İmralı görüşmələrini dəstəklədiyini bildirib, lakin görüşə kimin qatılacağını açıqlamayıb. İddialara görə, partiya daxilində də bu məsələyə etitazını bildirən və görüşə qarşı çıxan şəxslər var. Bu da nümayəndə heyətinin tərkibini müəyyənləşdirməyi çətinləşdirir”.

Zeynal Əmrəliyev
Politoloqun sözlərinə görə, Milliyyətçi Hərəkat Partiyasında (MHP) vəziyyət fərqlidir:
“Partiya rəhbəri Dövlət Baxçalı lazım gələrsə, özünün də İmralıya gedə biləcəyini bəyan edib. Lakin MHP daxilində də ciddi etirazlar mövcuddur və bu, partiyanın monolit mövqeyə malik olmadığını göstərir.
Sorğulara əsasən, əhalinin təxminən 71 faizi Öcalanla görüşün keçirilməsinə qarşıdır. Buna görə siyasətçilər gələcək karyeralarını riskə atmamaq üçün məsafəli davranırlar. Mediada, xüsusilə “Yeni Şafak” kimi mühafizəkar nəşrlərdə məsələ sərt şəkildə tənqid olunur.
Görünən odur ki, bu görüşlər sadə proses olmayacaq. Siyasi motivlər, daxili oyunlar və elektorat balansı prosesdə ciddi rol oynaya bilər. Ona görə şəffaflıq mühüm əhəmiyyət kəsb edir. Türkiyə hökuməti aparılan görüşlərin bütün detallarını cəmiyyətlə paylaşmalıdır ki, həm proses sabotaja məruz qalmasın, həm də gələcək risklər minimallaşsın”.














