Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunun üçüncü sessiyası işə başlayıb.
Gündəm24.az xəbər verir ki, sessiyada Azərbaycan–Türkiyə münasibətlərində nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığının rolu müzakirə edilir.
Sessiyanın moderatoru Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovdur.
Paneldə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn, Türkiyə Araşdırma Fondunun vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu iştirak edirlər.
Sessiya çərçivəsində Zəngəzur dəhlizi, Transxəzər marşrutu və enerji kommunikasiyalarında qarşılıqlı əlaqələr dəyərləndirilir. Həmçinin regional nəqliyyat dəhlizləri, enerji əməkdaşlığının strateji prioritetləri və qlobal enerji təhlükəsizliyinə iki ölkənin töhfəsi müzakirə edilir.
Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu işini sessiyalarla davam etdirir.
Gündəm24.az xəbər verir ki, forumun ikinci paneli “Azərbaycan–Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusunda keçirilir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən paneldə, deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç iştirak edirlər.
Paneldə Türk Dövlətləri Təşkilatı daxilində siyasi, iqtisadi, humanitar inteqrasiya və institusional əməkdaşlıq perspektivləri təhlil olunur. Həmçinin Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçməsi üçün prioritet istiqamətlər və institusional əlaqələrin gücləndirilməsi müzakirə edilir.
10:10
Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu sessiyalarla işini davam etdirir.
Gündəm24.az xəbər verir ki, forum çərçivəsində keçirilən birinci sessiya “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunub.
Sessiyanın moderatoru AnewZ media qurumunun baş redaktor müavini Orxan Amaşovdur.
Müzakirələrdə iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanları təhlil edilir.
Mütəxəssislər Azərbaycan və Türkiyənin regional siyasətdə artan rolunu, əməkdaşlığın yeni istiqamətlərini və qarşılıqlı strateji koordinasiya mexanizmlərini müzakirə edirlər.
09:44
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir.
Gündəm24.az xəbər verir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edirlər.
Tədbir çərçivəsində regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.
Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.
























