Daxili İşlər Nazirliyi (DİN) pirotexniki vasitələrlə bağlı müraciət edib.
DİN-dən Gündəm24.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur: “Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur.
Pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək!”













