Bir xanım videomüraciət yayır, keçmiş həyat yoldaşı tərəfindən ölümlə təhdid edildiyini deyir, ailəsinin, uşağının təhlükədə olduğunu bildirib kömək istəyir.
Bir xanım buna görə tənqid də yox, hətta təhqir olunur. Niyə? Görünüşünə və əvvəlcədən hazırlanmış çıxışı üzündən oxuduğuna görə, yanlış tələffüz etdiyinə görə. Və ən acınacaqlısı, keçmiş yoldaşına haqq verənlər, hətta daha betərini arzulayanlar var. Niyə? Dodağına gel vurub, qaşları düzəldilib deyə…
Sabah bu qadının ölüm xəbəri gəlsə, həmin insanlar sevinəcək. Yenə niyə? Gözlərini zillədikləri belə xanımların sayı azalır. Amma gözlərini zillədikləri… Məsələnin mahiyyəti heç kim üçün önəmli deyil, istənilən zamanlarda qadın bədəni müzakirə obyekti olub.
O xanım yalan desə belə, bu cür sağlam olmayan şərhlər, fikirlər utandırır, üstəlik qorxudur. Türkiyədə qadın ölümləri gündən günə çoxalır. Təkcə 2025-ci il ərzində ən azı 391 qadın kişilər tərəfindən qətlə yetirilib. Həmin qadınların 64 faizindən çoxu özlərini ən təhlükəsiz hiss etməli olduqları yerdə, məhz evlərində öldürülüb. Sosial media platformalarında səhifəni hər yenilədikcə reallıq şillə kimi üzümüzə çırpılır. Söhbət qonşu ölkədən getsə də, oxşar vəziyyət çox da uzaqda deyil. Təəssüf ki, belə hadisələri biz də yaşamağa başlamışıq və ya başlayırıq.
Qeyd etdiyim hekayə nə qədər realdır, arxasında fərqli səbəblər varmı? Sualın cavabı nə məndədir, nə də həmin müraciətdə şərh yazanlarda.
Amma məşhur bir dini rəvayəti xatırlatmaq yerinə düşər:
Zina etməklə günahlandırılan bir qadını tutub meydana gətirirlər. O dövrdə bəzi qanunlara görə belə qadın daşlanaraq öldürülməli idi. İnsanlar qadını İsa peyğəmbərin qarşısına gətirib deyirlər:
– Bu qadın günah işləyib. Qanuna görə onu daşlamalıyıq. Sən nə deyirsən?
İsa əvvəlcə yerə əyilib torpağa nəsə yazır və bir müddət heç nə demir. İnsanlar isə israrla cavab istəyirlər.
Sonra Peyğəmbər ayağa qalxıb deyir:
– Aranızda kim günahsızdırsa, qoy ilk daşı o atsın.
Bu sözləri eşidən insanlar bir-bir susur. Əvvəl yaşlılar, sonra digərləri – hamısı yavaş-yavaş ordan çıxıb gedir. Çünki heç kim özünü tam günahsız hesab etmir.
Axırda meydanda yalnız İsa ilə qadın qalır.
O, qadından soruşur:
– Səni ittiham edənlər hardadır?
Qadın deyir:
– Heç kim qalmadı.
İsa isə cavabında deyir ki:
– Mən də səni qınamıram. Get və bir daha günah etmə.
Kimliyindən, nə iş görməsindən, cinsindən asılı olmayaraq, kiminsə görünüşünə baxıb necə yaşadığını müəyyən etmək olmaz! Kimisə əməlinə görə cəzalandırmaq bizim borcumuz deyil! Bizi cinayət ehtimalı maraqlandırmalıdır, nəinki, qadının həyat tərzi…
Hər kəs öz əməlinə cavabdehdir.\Globalinfo.az













