Azərbaycanda təhsil sektorunun ən çox müzakirə olunan mövzulardan biri də özəl məktəblərdəki təhsil haqlarıdır. Dövlət məktəblərində sıxlıq və keyfiyyət müzakirələri fonunda bir çox valideyn üzünü özəl liseylərə çevirsə də, qarşılaşdıqları rəqəmlər bəzən real imkanları qat-qat üstələyir.
Sfera.az ölkənin ən bahalı özəl məktəblərini araşdırıb:
Araşdırmaya əsasən, ötən tədris ili ilə müqayisədə qiymətlərdə orta hesabla 500-2000 manat, bəzi müəssisələrdə isə daha kəskin artım qeydə alınıb. Təhsil ekspertlərinin fikrincə, bu gün Bakıda elə özəl məktəblər var ki, orada uşağın birillik ibtidai və ya orta təhsil haqqı ilə paytaxtda tam təmirli bir otaqlı mənzil almaq mümkündür.
Ölkənin təhsil bazarında qiymət şərtlərini diktə edən və əsasən xarici diplomatların, transmilli şirkət rəhbərlərinin və imkanlı şəxslərin övladlarının oxuduğu məktəblərin builki rəsmi tariflərinə nəzər saldıqda mənzərənin kifayət qədər ciddi olduğu görünür.
Siyahının mütləq lideri olan TISA-da, yəni Azərbaycan Beynəlxalq Məktəbində beynəlxalq IB proqramı ilə tədrisin illik qiyməti 54900 AZN təşkil edir. Britaniya kurikulumu təklif edən “Oxbridge Academy Baku”da yuxarı siniflər üzrə təhsil haqqı 24820 AZN-ə çatır. Digər bir Britaniya proqramlı müəssisə olan Azərbaycan Britaniya Liseyində ibtidai siniflərdə təhsil alanlar üçün illik ödəniş 20000 AZN, orta və yuxarı siniflərdə isə 21000-22000 AZN arasında dəyişir. Bakı Oksford Məktəbində ibtidai təhsil 17000 AZN, yuxarı siniflərdə illik isə 18000-20500 AZN civarındadır.
Müasir Təhsil Kompleksinin (MTK) Azərbaycan bölməsində oxumaq istəyənlər 12000 – 18300 AZN, beynəlxalq ingilis bölməsini seçənlər isə sinifdən asılı olaraq 14800-19000 AZN ödəməlidir. Xəzər Universitetinin “Dünya Məktəbi”ndə Azərbaycan və rus bölmələri üzrə qiymətlər 11000-13500 AZN təşkil etdiyi halda, beynəlxalq IB diplom proqramı və ingilis bölməsində bu rəqəm 17500 AZN-ə yüksəlir. Avropa Azərbaycan Məktəbində (EAS) ibtidai siniflər üçün 11250 AZN tələb olunduğu halda, tam orta təhsil pilləsində bu rəqəm 16150 AZN təşkil edir.
“SABIS Sun International School”da isə orta siniflərdə təhsil haqqı 14400-15900 AZN arasındadır, lakin burada kitablar, məktəbli forması və məcburi transfer xidməti üçün əlavə olaraq təxminən 2500 AZN də ödəniş tələb olunur. Siyahını Britaniya Məktəbi (ibtidai siniflərdə 12000 AZN, yuxarı siniflərdə 15000 AZN) və LANDAU School (kampusdan və seçilən proqramdan asılı olaraq 7000 manatdan başlayaraq 13600 manata qədər) tamamlayır.
Bəs bu fantastik məbləğləri ödəməyə hazır olan hər kəs məktəbə qəbul ola bilirmi?
Araşdırmaya görə, ən diqqətçəkən məlumat qəbul proqramlarındakı xüsusi imtiyazlar və kvotalarla bağlıdır. Məlum olub ki, xüsusilə TISA, ABC və “Baku Oxford School” kimi elit məktəblərdə xarici diplomatların, səfirlik işçilərinin və BP kimi ölkənin neft-qaz sektorunda fəaliyyət göstərən nəhəng transmilli şirkətlərin əməkdaşlarının övladları üçün xüsusi kvotalar ayrılıb və qəbulda onlara mütləq üstünlük verilir. Bu səbəbdən kənardan müraciət edən yerli şagirdlərin qəbul şansı kifayət qədər aşağı düşür. Bir çox hallarda yerli valideynlər övladını növbəti tədris ilində oxutmaq üçün 1-2 il öncədən gözləmə siyahısına (Waiting List) yazılmalı olurlar. Hətta LANDAU, Dünya Məktəbi və Kaspi kimi nisbətən daha kütləvi populyarlığı olan liseylərdə belə, müraciət edən yüzlərlə şagirdin cəmi 30-40 faizi daxili imtahanlardan keçə bilir, qalanları isə akademik səviyyə və ya yer məhdudiyyəti səbəbindən kənarda qalır.
Araşdırma zamanı üzə çıxan daha bir mühüm fakt ondan ibarətdir ki, elan olunan qiymətlər yekun xərc demək deyil. Əksər elit məktəblər qəbul prosesində geri qaytarılmayan 100-2500 AZN civarında “Qeydiyyat rüsumu” tələb edir. Bura illik dərslik xərcləri (400-900 AZN), xüsusi məktəbli formaları (300 – 500 AZN) və məktəb servis nəqliyyatı (aylıq 100 – 200 AZN) daxil edildikdə, valideynin ümumi büdcəsi elan olunan qiymətdən ən azı 3000 manat artıq yüklənir. Uşaqların seçilməsi prosesi isə üç mərhələli ciddi filtrasiya ilə aparılır.
İlk növbədə sərt dil imtahanı təşkil olunur: təhsil ingilis dilində olan məktəblərdə şagirdin yazı və şifahi nitqi Cambridge və ya IB standartlarına uyğun yoxlanılır.
İkinci mərhələdə məntiq və riyaziyyat üzrə daxili diaqnostika imtahanı keçirilir. Son olaraq isə xüsusilə 1-ci sinfə gedən azyaşlıların sosial-psixoloji durumu məktəb psixoloqunun fərdi müsahibəsi ilə qiymətləndirilir və aqressiya, diqqət dağınıqlığı olan uşaqların qəbuluna məhdudiyyət qoyulur.













