Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.
Parkın salınması yaxın ərazilərdə yerləşən mənzil və digər daşınmaz əmlakların qiymətinə necə təsir göstərə bilər?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a bildirib ki, Baş Plan 2040 çərçivəsində həyata keçirilən dəyişikliklər, o cümlədən yeni parkların salınması, abadlıq işlərinin aparılması və infrastrukturun yenilənməsi ətraf ərazilərdə yerləşən qeyri-yaşayış sahələrinin, mənzillərin və torpaq sahələrinin dəyərinə birbaşa təsir göstərir.

“Qeyd olunan layihə, 12 hektar ərazini əhatə edir. Bu, təkcə park deyil, ümumiyyətlə, müasir tələblərə uyğun şəkildə həyata keçiriləcək yaşıl koridordur. Layihə 28 May küçəsindən “The Ritz-Carlton Baku” istiqamətinə qədər uzanır. Burada mövcud tikililərin, asfalt örtüyünün və dəmir yolunun bir hissəsinin sökülməsi nəzərdə tutulur. Layihənin dəyəri təqribən 35 milyon manatdır. Bu layihə həyata keçirilərsə, 28 May küçəsi, Rəsul Rza, Dilarə Əliyeva, Puşkin, Xaqani, Üzeyir Hacıbəyli, Bülbül, Səməd Vurğun, Rəşid Behbudov küçələri, Babək prospektinin başlanğıcı, 8 Noyabr prospektinin yaxınlığındakı ərazilər, Xətai rayonunun mərkəzi və Neftçilər prospektinə yaxın ərazilər təsirlənəcək və burada qiymət artımı baş verəcək”.
Vüqar Oruc əlavə edib ki, birbaşa parka baxan mənzillər təqribən 10-20 faiz aralığında qiymət artımına məruz qala bilər:
“Parkın ətrafında, təqribən 150-250 metr məsafədə yerləşən mənzillərdə isə 5-10 faiz qiymət artımı gözlənilir. Məsafə artdıqca bu faizlər, təbii ki, azalacaq. Amma ətrafdakı elə bir daşınmaz əmlak obyekti qalmayacaq ki, bu prosesdən təsirlənməsin. Ən çox bahalaşma potensialına malik ərazilər isə 28 May, Dilarə Əliyeva, Rəsul Rza, Rəşid Behbudov, Bülbül, Xaqani, Səməd Vurğun, Üzeyir Hacıbəyli küçələri, Babək prospektinin başlanğıcı və 8 Noyabr prospektinə çıxan ərazilərdir. Həmin ərazilərdə qiymət artımı qaçılmazdır”.
Qeyd edək ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən təsdiqlənib. Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 milyon 229 min 641 manat ödəniləcək. Layihənin ilkin qiyməti 49 milyon 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi.






