İmtahan suallarının çətinlik dərəcəsi ilə bağlı səslənən fikirlərə münasibət bildirmək üçün biz yekun imtahan nəticələrini görməliyik. Buraxılış imtahanlarında əsas hədəflərdən biri də bacarıqların yoxlanılmasıdır. Burada yazılı cavab tələb edən tapşırıqlardan daha çox istifadə olunmasının məqsədi də elə budur. Ona görə də bizə təqribən bir ay vaxt lazım olur ki, yoxlama işlərini tamamlayaq və nəticəni elan edək. Real mənzərəni biz yalnız o vaxt görəcəyik. Hazırda emosiyaların sağlam məntiqi üstələdiyini görürük.
Gündəm24.az xəbər verir ki, bunu Oxu.az-a geniş müsahibəsində DİM sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, demək olar, hər dəfə imtahandan sonra eyni vəziyyətlə üzləşirik:
“Biz dəfələrlə qeyd etmişik ki, DİM-in test bankında tapşırıqlar çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda hər üç mürəkkəblik səviyyəsinə uyğun tapşırıqlardan istifadə olunur. İmtahanlardan sonra şagirdlərin və valideynlərin həyəcanını və narahatlığını başa düşürük. Bu imtahanlar minlərlə gəncin gələcəyi ilə bağlı mühüm mərhələdir və onların hər birinin keçirdiyi hissləri anlayışla qarşılayırıq. Dövlət İmtahan Mərkəzi üçün ən vacib məsələ imtahan prosesinin ədalətli, şəffaf və hər bir iştirakçı üçün bərabər şərtlər altında keçirilməsidir.
Bununla belə, insanlar bəzən imtahanın məqsədini düzgün qiymətləndirmirlər. Buraxılış imtahanları yekun attestasiya ilə bərabər, ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsidir. Həmçinin kollecə qəbul olmaq üçün də bu nəticələr əsas götürülür. Yəni biz bilik və bacarıqlarına görə imtahan iştirakçıları arasında müəyyən seçim etməliyik. Ona görə də imtahanda çətin tapşırıqlar da olur. Çünki yüksək hazırlıqlı abituriyentləri də fərqləndirmək lazımdır. Ancaq kimsə iddia edə bilməz ki, imtahan ümumilikdə çətindir və iştirakçıların testlərə cavab vermək imkanları olmayıb.
Ənənəvi təhlillərimiz göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi insanlar tərəfindən səsləndirilən mülahizələr doğru olmur. İmtahanın çətinliyi ilə bağlı sosial şəbəkələrdə yazılanlara əsasən fikir yürütmək olmaz. Sosial şəbəkələrdə bəzən yalnız bir tapşırığa görə ümumilikdə imtahanın çətin olması fonu yaradılır. Ancaq həqiqətdə belə olmur. Test blokunda orta və asan tapşırıqlar da yer alır. Bizim təhlillərimiz də bunu göstərir. İmtahanda istifadə olunan testlərin etibarlılıq əmsalları çox yüksəkdir. Mən hər bir müəllimə, ekspertə, eləcə də pedaqoji ictimaiyyət nümayəndələrinə DİM-in saytında yerləşdirilən “Abituriyent 12″ jurnalını açıb oxumağı tövsiyə edirəm. Hər hansı bir fikir yürütməzdən əvvəl, gərək sizin əlinizdə onları əsaslandıra biləcək məlumat bazası olsun. Bu xüsusilə kütləvi imtahanlar zamanı çox vacibdir”.
DİM sədri qurumun statistik təhlillərində yer alan bir məsələyə də diqqət çəkib:
“2023-cü ildə 9-cu sinif üzrə və 2025-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak edən eyni şagirdlərin imtahandan aldıqları qiymətlərin paylanmasına baxsanız, aydın olur ki, nəticələr arasında korrelyasiya, yəni uyğunluq var. Məsələn, riyaziyyat fənni üzrə nəticələri müqayisə etsək görərik ki, 9-cu sinifdə 75-100 bal toplayan şagirdlərin 86.4%-i həmin nəticəni 11-ci sinif buraxılış imtahanında da təkrarlayıb. Eləcə də 9-cu sinifdə 0-25 bal toplayanların 87.6%-i 11-ci sinifdə yenə həmin aralıqda bal toplaya bilib. Yəni statistika göstərir ki, fundamental bilik və bacarıqları aşağı siniflərdə zəif olan şagirdlər sonrakı dövrlərdə göstəricilərini artıra bilmirlər. Ancaq məktəbdən kənar fərdi hazırlıqla məşğul olan şəxslər və ya kurslar belə şagirdləri müəyyən vədlər verməklə özlərinə cəlb edirlər. Yekun nəticədə isə həmin şagirdlər iki il sonra lazımi balı toplaya bilmədikdə məsuliyyəti daha çox imtahanın və onun çətinliyinin üzərinə yükləməyə çalışırlar. Halbuki valideyn müəyyən edə bilər ki, 9-cu sinifdə imtahan verən övladı 11-ci sinifdə təqribən nə qədər bal toplaya biləcək. Bunların hamısı bizim təhlillərimizdə yer alır.
Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Həftəsonu növbəti istiqamət üzrə buraxılış imtahanıdır. Biz artıq bilirik ki, bəzi insanlar ayın 9-u, bəziləri isə ayın 15-də olan imtahanın asan və ya çətin olduğunu iddia edəcəklər. Ancaq iştirakçılar real imtahan şəraitini nəzərə almırlar. 9-u imtahan verən rahat şəkildə evdə oturaraq vaxt limiti və s. amilləri nəzərə almadan testlərə baxıb asan deyəcək, digərləri isə əksinə birinci imtahanı asan hesab edəcək. Çünki imtahan iştirakçıları sualları vaxt limiti, imtahan mühiti və psixoloji gərginlik kimi amilləri nəzərə alaraq cavablandırırlar, sonradan testlərə baxanlar isə həmin şəraitdən kənarda qiymətləndirmə aparırlar.
Bir daha qeyd etmək istərdik ki, müxtəlif zonalar üzrə imtahan variantları xüsusi proqram təminatı və standart alqoritm əsasında eyni prinsiplə formalaşdırılır. Daha konkret desək, hər bir variantda tapşırıqların çətinlik səviyyələri üzrə paylanması eyni olur. Uzun illər aparılan statistik təhlillər göstərir ki, müxtəlif zonalarda istifadə olunan test blokları arasında korrelyasiya əmsalı 0.9-dan yüksəkdir. Bu isə imtahan variantlarının çətinlik səviyyəsinin statistik baxımdan ekvivalent olduğunu və fərqlərin yalnız məqbul statistik xəta çərçivəsində qaldığını göstərir”.