Azərbaycanda su, qaz və elektrik enerjisinin tarifləri və bu xidmətlərə tətbiq olunan vergilər zaman-zaman ictimai müzakirələrə səbəb olur. Xüsusilə, əlavə dəyər vergisinin (ƏDV) kommunal ödənişlərdə tətbiqi və ya bu verginin ləğvi məsələsi əhalinin xərclərinə birbaşa təsir edən mövzulardan biri hesab edilir. Bəs gələcəkdə kommunal xidmətlərin ödənişi zamanı ƏDV-nin tətbiqində dəyişiklik edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələ Nazirlər Kabinetinin səlahiyyətinə aiddir.

Onun sözlərinə görə, kommunal xidmətlərdə ƏDV-nin geri qaytarılması mexanizmindən daha çox, verginin ləğv olunması məqsədəuyğundur.
“Əgər məntiqli yanaşsaq, kommunal xidmətlərdə əlavə dəyər vergisinin geri qaytarılmasındansa, onun ləğv edilməsi daha yaxşı olardı. Bu halda əhalinin kommunal xidmətlər üzrə ödəniş yükü müəyyən qədər yüngülləşə bilər”, – deyə iqtisadçı qeyd edib.
N.Cəfərli hesab edir ki, bu cür qərarlar qəbul edilərkən həm dövlət büdcəsinin maraqları, həm də əhalinin sosial vəziyyəti nəzərə alınmalıdır.
İqtisadçı əlavə edib ki, kommunal xidmətlərlə bağlı vergi siyasətində dəyişikliklərin olub-olmaması hökumətin gələcək qərarlarından asılı olacaq.














