“Builki Həcc ziyarəti Yaxın Şərqdə davam edən geosiyasi qarşıdurmalar fonunda baş tutacaq. Bu, ən həssas dini-siyasi hadisələrdən biri kimi qiymətləndirilir. İlk dəfədir ki, Səudiyyə Ərəbistanı birbaşa təhlükəsizlik riskləri ilə üz-üzədir və belə bir reallıqda milyonlarla zəvvar ölkəni ziyarət edəcək. Deməli, Həcc ziyarəti artıq dini ibadətdən çıxaraq, həm də regional təhlükəsizlik və siyasi sabitlik məsələsinə çevrilib”.
Gündəm24.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, ziyarət Səudiyyə Ərəbistanı üçün strateji əhəmiyyət daşıyır:
“Çünki ölkə müsəlman dünyasında öz liderlik mövqeyini qoruyub saxlamağa çalışır. Bu baxımdan zəvvarların təhlükəsizliyi, müqəddəs məkanların mühafizəsi vacibdir. Əgər hər hansı bir eskalasiya baş verərsə, bu, sadəcə humanitar böhran deyil, həm də ciddi siyasi reputasiya itkisi olacaq.
ABŞ və Avropa ölkələri öz vətəndaşlarına Səudiyyə Ərəbistanına getməməklə bağlı xəbərdarlıq ediblər. Bu fakt da Qərb tərəfinin riskləri yüksək qiymətləndirdiyini göstərir.
Digər tərəfdən isə milyonlarla müsəlman Həcc planlarından imtina edir. Bu, həm də çox böyük maliyyə itkisi deməkdir. Çünki günlər öncədən həm təhlükəsizlik amili, həm də əlavə təşkilati məsələlər nəzərə alınır. Bütün bunlar isə ciddi resurs tələb edir.
Belə bir qarşıdurmanın yaşanması İran üçün də xoşagəlməyən bir durum yaradacaq və Tehran İslam dünyasında ciddi reputasiya boşluğu ilə üz-üzə qalacaq. Nəzarətdən çıxan hərbi risklər də ola bilər. Məsələn, raket qalıqlarının düşməsi, dronların istiqamətini itirməsi – hər birinin qarşısıalınmaz humanitar böhrana gətirib çıxarması mümkündür.
Həm Həcc ziyarəti, həm də Qurban bayramı ərəfəsində hər hansı bir eskalasiyanın yaşanması ABŞ-ın da İslam dünyasında imicinə ciddi zərbə vura bilər.
Düşünürəm ki, bu istiqamətdə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri vahid mövqedən çıxış etməlidirlər.
Regional müharibə yalnız hərbi deyil, ekoloji və beynəlxalq təhlükəsizlik baxımından da ciddi nəticələr doğura bilər. Ona görədir ki, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemlərini gücləndirir, müqəddəs məkanların ətrafında raket kompleksləri yerləşdirir. Deməli, Körfəz regionu hazırda son dərəcə həssas təhlükəsizlik balansı üzərində dayanır.
Həcc ziyarəti məsələsi Yaxın Şərqdə dini təhlükəsizlik və geosiyasətin necə bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğunu göstərir. Əgər atəşkəs pozular və regionda hərbi eskalasiya baş verərsə, bu, sadəcə İran və ya ABŞ-la məhdudlaşmayacaq, həm də İslam dünyasına çox böyük təsir göstərəcək, qlobal təhlükəsizlik mühitinin zəif olduğundan xəbər verəcək. O baxımdan, dövlətlər bu məsələyə son dərəcə həssas yanaşırlar ki, bu istiqamətdə mediada hər hansı bir xəbərin dolaşması insanlar arasında panikaya səbəb olmasın”.













