“Yerli istehsalçı rəfə çıxmaq üçün deyil, məhsulunun keyfiyyəti ilə rəqabət aparmalıdır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, iri ticarət şəbəkələrində yerli istehsalçılardan məhsulların satışa çıxarılması üçün yüksək məbləğdə giriş, listinq və marketinq ödənişləri tələb olunur. Onun sözlərinə görə, son dövrlərdə yerli sahibkarlar tərəfindən səsləndirilən narahatlıqlar göstərir ki, məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunur:
“Bəzi hallarda bu ödənişlər hər bir filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə qədər çatır. Kiçik və orta sahibkar hələ məhsulunu satmadan ciddi maliyyə yükü ilə üz-üzə qalır və bu, bazara çıxışın faktiki məhdudlaşdırılması deməkdir”.

R.Nurullayev qeyd edib ki, iri xarici istehsalçılar və idxalçılar bu xərcləri asanlıqla qarşılaya bildikləri halda, yerli istehsalçılar həm yüksək ödənişlər, həm də ucuz idxal məhsulları ilə rəqabət aparmağa məcbur olurlar.
Deputat bildirib ki, bu praktikanın uzun müddət davam etməsi ticarət şəbəkələrində yerli məhsulların payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, milli brendlərin rəqabət qabiliyyətinin aşağı düşməsinə, istehsala investisiyaların və yeni iş yerlərinin azalmasına, eləcə də ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
R.Nurullayev iri ticarət şəbəkələrinin fəaliyyətinin araşdırılmasını, yerli istehsalçılar üçün tətbiq olunan ödənişlərin tənzimlənməsini və payız sessiyasında aidiyyəti qurumların iştirakı ilə geniş ictimai dinləmələrin keçirilməsini təklif edib.













