ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb. Bu vəziyyət valyuta mübadiləsi aparan şəxslər arasında suallar doğurur.
Bəs banklar köhnə dollar əskinaslarını niyə qəbul etmək istəmir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bunun əsas səbəbi bankların həmin əskinasları yenidən dövriyyəyə buraxmaqda çətinlik çəkməsidir.

Xalid Kərimli
Ekspertin sözlərinə görə, banklar dolları uzun müddət saxlamır, onu bir müştəridən alaraq digərinə satırlar:
“Bank köhnə, cırıq və ya zədələnən dolları qəbul etməyə həvəsli olmur. Çünki onu sonradan başqa şəxsə satmaq çətinləşir. Bank dolları yığıb saxlamır. Bir şəxsdən alır, digərinə satır. Köhnə əskinası satmaqda problem yaşadığı üçün onu almaqdan da yayınır.”
X.Kərimli qeyd edib ki, manatla bağlı vəziyyət fərqlidir. Onun sözlərinə görə, köhnələn və ya müəyyən dərəcədə zədələnən manat əskinasları banklar qəbul edərək Azərbaycan Mərkəzi Bankı vasitəsilə yenisi ilə əvəz edə bilirlər.
“Amma dolların sahibi Azərbaycan Mərkəzi Bankı deyil. Dolların emissiyaçısı ABŞ Mərkəzi Bankıdır. Azərbaycan banklarının həmin əskinasları ABŞ-a göndərib dəyişdirməsi həm çətin, həm də məhdud imkanlara malik prosesdir. Mərkəzi Bank dollarla bağlı təminat vermir. Bank burada sadəcə vasitəçi rolunu oynayır”, – deyə iqtisadçı vurğulayıb.
Ekspert hesab edir ki, məhz bu səbəbdən banklar köhnə və ya zədələnən dollar əskinaslarını qəbul etməkdə ehtiyatlı davranırlar.













