Yeni tədris ilinin başlamasına təxminən bir ay qalıb. Buna baxmayaraq, bir sıra valideynlər artıq indidən məktəb bazarlığına başlayıblar. Paytaxtın məktəb ləvazimatları satılan mağazalarında və bazarlarda aktivlik hiss olunur. Bəzi iqtisadçılar isə bu il məktəb bazarında da qiymət artımının müşahidə oluna biləcəyini bildirirlər.
Bəs hazırda məktəb bazarında vəziyyət necədir? Məktəb ləvazimatlarının qiymətləri ötən illə müqayisədə nə qədər dəyişib?
Musavat.com-un əməkdaşı olaraq bir neçə məktəb ləvazimatları satılan mağazada olduq. Apardığımız müşahidələr göstərdi ki, ötən illə müqayisədə bir sıra ləvazimatın qiymətində cüzi də olsa artım var.
Məsələn, ötən il 15 qəpiyə satılan 12 vərəqli dəftərlərin qiyməti hazırda 20 qəpiyə yüksəlib. Ötən il 20 qəpikdən başlayan qələmlər indi 25-30 qəpikdən satılır. 50 qəpiyə satılan 48 vərəqli dəftərlərin qiyməti isə hazırda təxminən 60 qəpikdir.
Məktəbli çantalarının qiymətində də artım müşahidə olunur. Ötən il Çin istehsalı olan məktəb çantaları 20 manatdan başlayan qiymətlərə satılırdısa, hazırda onların qiyməti 25 manatdan başlayır. Türkiyə, Almaniya və Rusiya istehsalı olan məktəbli çantalarının qiymətləri isə model və keyfiyyətindən asılı olaraq 80-100 manatdan başlayır.
Beləliklə, məktəb bazarlığına erkən başlayan valideynləri bu il də əvvəlki illə müqayisədə müəyyən qədər çox xərc gözləyə bilər.
Bəs qiymətlər qarşıdakı həftələrdə daha da arta bilər, yoxsa əksinə, ucuzlaşma mümkündür? Tədris ili yaxınlaşdıqca məktəb bazarında qiymətlərin dinamikası necə dəyişəcək?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb. O, qeyd edib ki, qarşıda məktəb bazarında qiymət artımı gözlənilir: “İstər-istəməz müəyyən qədər qiymət artımı olacaq. Çünki bu proseslər ümumi inflyasiyaya paralel gedir. Azərbaycanda ümumi inflyasiya təxminən 5 faizdən bir qədər çox, yəni 5 faiz civarındadırsa, bunun məktəb ləvazimatlarının qiymətlərinə də təsir etməməsi mümkün deyil. Müəyyən dərəcədə təsir edəcək.
Digər tərəfdən, logistika xərcləri də bahalaşıb. Hazırda isə görünür, tələbat hələ yüksək deyil. Çünki bizim insanlar, əsasən, tədris ilinin başlamasına çox az qalmış məktəb bazarlığı etməyə üstünlük verirlər. Hələ avqustun ortasına çatmamışıq və məktəblərin açılmasına bir aydan çox vaxt var. Ona görə də avqustun sonu, sentyabrın əvvəlində məktəb bazarlığı ilə bağlı ajiotaj artsa, yəni təklif əvvəlki səviyyədə qalsa, amma tələb yüksəlsə, qiymətlərdə müəyyən artım müşahidə edə bilərik”.
Musavat.com




















