Bazarlarda bolluq var, amma qiymətlər niyə ucuzlaşmır? Bazarlarda bolluq var, amma qiymətlər niyə ucuzlaşmır?
Mövzu ilə bağlı Ajans.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymətlərin yüksək qalmasının arxasında bir neçə iqtisadi amil dayanır.
Onun sözlərinə görə, ilk növbədə kənd təsərrüfatında istehsal xərcləri son illərdə əhəmiyyətli dərəcədə artıb.:
“Bazarlarda yerli mövsümi meyvə və tərəvəzin bol olmasına baxmayaraq, qiymətlərin yüksək qalmasının əsas səbəbləri istehsal xərclərinin artması, suvarma, gübrə, yanacaq və işçi qüvvəsinə çəkilən xərclər, həmçinin daşınma və saxlanma xərcləridir. Bundan əlavə, məhsulun istehsalçıdan istehlakçıya çatana qədər bir neçə vasitəçidən keçməsi də qiymətin yüksəlməsinə səbəb olur”.
Ekspert qeyd edib ki, məhsulun son satış qiyməti təkcə fermerin müəyyən etdiyi qiymətlə formalaşmır.
“Qiymətin formalaşmasında bütün bu amillər rol oynayır, lakin logistika və vasitəçilərin təsiri daha çox hiss olunur. Daşınma, anbar və bazar xərcləri ilə yanaşı, hər vasitəçi məhsulun üzərinə öz qazancını əlavə etdiyindən son satış qiyməti artır”.
Akif Nəsirli hesab edir ki, bazara məhsul axınının davam etməsi müəyyən qədər qiymət azalmasına səbəb ola bilər. Lakin bu ucuzlaşmanın ciddi həcmdə olacağı gözlənilmir.
“Əgər məhsul bolluğu davam etsə və bazara təklif artsa, yaxın həftələrdə bəzi mövsümi meyvə və tərəvəzlərin qiymətlərində müəyyən ucuzlaşma müşahidə oluna bilər. Lakin bu ucuzlaşmanın böyük olacağı gözlənilmir, çünki istehsal və logistika xərcləri hələ də yüksək olaraq qalır”.
Ekspertin fikrincə, istehlakçılar yaxın günlərdə bəzi məhsullar üzrə cüzi qiymət enişi görə bilsələr də, mövcud xərc yükü səbəbindən bazarda kəskin ucuzlaşma gözləməyə dəyməz. Mövsüm ərzində qiymətlərin əsasən təklifin həcmi və logistika xərclərinin dinamikasından asılı olacağı bildirilir.














