Məleykə Abbaszadənin rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı yaxın günlərdə qurumun Müşahidə Şurasının iclasının keçiriləcəyi gözlənilir.
NOCOMMENT.az-ın əldə etdiyi məlumatlara görə, iclasda son dövrlər imtahan prosesi ilə bağlı yaranan müzakirələr, abituriyent və valideynlərin narazılığı, eləcə də mərkəzin ümumi fəaliyyəti müzakirə mövzusu olacaq.
Məlumata əsasən, Müşahidə Şurasının toplantısında Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurumun fəaliyyəti qiymətləndiriləcək, imtahanların təşkili, sualların çətinliyi və ictimai reaksiyalar ətrafında fikir mübadiləsi aparılacaq.
Bəzi sosial şəbəkə istifadəçiləri və abituriyentlər son imtahanlardan sonra DİM rəhbərliyinin fəaliyyətinə yenidən baxılmasını tələb edirlər. Bu səbəbdən də mövzunun Müşahidə Şurasının gündəliyinə çıxarılması diqqət çəkir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası qurumun fəaliyyətinə nəzarət edən əsas idarəetmə strukturlarından biridir. Şura zəruri hallarda rəhbərliyin fəaliyyəti ilə bağlı tövsiyə və qərarlar qəbul edə bilər. Şuranın sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevadır.
NOCOMMENT.az mövzunu diqqətdə saxlayır.














