Rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir, bu, sadəcə mifdir”. Elm və təhsil naziri Emin Əmrullayev bu fikri ilə yenidən Azərbaycanda rusdilli məktəblərin qalıb-qalmamasına dair mübahisəni coşdurub. Kinoşünas Ayaz Salayev isə “Yeni Sabah”a bildirib ki, “mif olsa da”, çox adam övladını rus sektorunda oxutmaq istəyir. “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli də bildirib ki, rus dilində ədəbiyyat seçimi çox zəngin və genişdir. Nazirin sözlərində həqiqət payı nədən ibarətdir? Rus sektorları keyfiyyətcə Azərbaycan dili bölmələrini üstələyə bilmirmi?
NOCOMMENT.az xəbər verir ki, uzun illərdir ölkəmizdə ən həssas sinir uclarından biri olan rus sektoru məsələsi yenidən ictimai müzakirələrin mərkəzinə qayıdıb. Nazirin bu bəyanatı cəmiyyəti və ziyalıları iki cəbhəyə bölüb. Bir tərəf rus bölməsinin sırf elitarlıq və dəb xatirinə seçildiyini, təhsilin keyfiyyətinin əslində fərqlənmədiyini iddia edərək naziri dəstəkləyir. Digər tərəf isə rus dilində olan qlobal informasiya bazasının, tədris resurslarının və zəngin dünya ədəbiyyatının Azərbaycan bölməsi ilə müqayisəolunmaz dərəcədə geniş olduğunu əsas gətirir. Bu kəskin qütbləşmə sübut edir ki, problem sadəcə dil seçimi deyil, eyni zamanda milli dildə olan tədris materiallarının, tərcümə ədəbiyyatının və elmi bazanın mövcud vəziyyəti ilə birbaşa bağlıdır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyev qeyd edib ki, nazirin “mif” adlandırdığı yanaşmada pedaqoji baxımdan böyük həqiqət payı var, lakin valideynlərin bu seçiminə təsir edən obyektiv reallıqları da gözardı etmək olmaz: “Təhsilin keyfiyyəti heç vaxt tədris olunan dildən asılı deyil. Təhsil müəllimin peşəkarlığından, kurikulumun düzgün tətbiqindən və məktəbin infrastrukturundan asılıdır. Riyaziyyat və ya fizika qanunları rus dilində daha fərqli və ya daha yaxşı öyrədilmir. Rəsmi statistika da hər il göstərir ki, həm buraxılış, həm də qəbul imtahanlarında ən yüksək nəticə toplayan gənclərin böyük əksəriyyəti məhz Azərbaycan bölməsinin məzunlarıdır. Lakin məsələnin sosial və psixoloji tərəfi var. Kinoşünas Ayaz Salayevin də dediyi kimi, rus sektoru cəmiyyətdə tarixi olaraq formalaşmış bir status, dünyagörüşü və ya kübarlıq göstəricisi kimi qəbul edilir. Valideynlər övladlarını rus bölməsinə verərkən, onların sadəcə dil öyrənməsini deyil, fərqli sosial mühitdə formalaşacağını və gələcəkdə əmək bazarında, o cümlədən beynəlxalq şirkətlərdə daha şanslı olacaqlarını düşünürlər”.
Onun sözlərinə görə, Azərbaycan bölməsindəki əsas boşluq Nigar Köçərlinin də haqlı olaraq vurğuladığı kimi, informasiya resurslarının və tərcümə ədəbiyyatının məhdudluğudur: “Rus bölməsinin bu gün də alternativsiz görünməsinin fundamental səbəbi informasiyaya çıxış imkanlarıdır. Rus dilində dünya ədəbiyyatı, uşaq ensiklopediyaları, elmi jurnallar, rəqəmsal resurslar və texniki ədəbiyyat həddindən artıq zəngindir. Şagird və ya tələbə hər hansı bir elmi araşdırma apararkən Azərbaycan dilində mənbə tapmaqda çətinlik çəkir, dərhal rus və ya ingilis dilinə müraciət etmək məcburiyyətində qalır. Nazirlik rus sektoruna olan bu süni tələbatı hansısa qadağalar və ya bəyanatlarla yox, yalnız və yalnız Azərbaycan bölməsini gücləndirməklə azalda bilər. Bunun üçün milli dildə keyfiyyətli dərs vəsaitlərinin, uşaq ədəbiyyatının, beynəlxalq elmi resursların kütləvi şəkildə dilimizə tərcüməsi həyata keçirilməlidir. Əgər Azərbaycan dilli şagird dünyadakı bütün informasiyaya və kitablara öz ana dilində yüksək keyfiyyətlə və asanlıqla çata bilsə, heç bir valideyn övladını xüsusi olaraq xarici dildə oxutmağa bu qədər can atmaz”.














