Ölkə başçısının imzaladığı növbəti Sərəncam Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə göstərilən yüksək dövlət ehtiramının təzahürü oldu. Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və mərdlik göstərərək hərbi hissələr qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirərkən şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki şəxs ölümündən sonra yüksək dövlət təltifinə layiq görülüb.
AZXEBER.COM xəbər verir ki, təltif olunan qəhrəmanların sırasında İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tural Ətraf oğlu Şıxızadə də var.
Prezident İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin qardaşı Turan Şıxıyev deyir ki, Prezidentin imzaladığı Sərəncam ailələrinə həm böyük qürur, həm də kövrək hisslər yaşadıb. Onun sözlərinə görə, qardaşının adını ordenlə təltif olunan şəhidlərin sırasında görmək ailənin ağrısını azaltmasa da, onun qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirilməsi ən böyük təsəlli olub. “Ötən gün işə getməyə hazırlaşırdım. Telefonda mənə bir xəbər göndərdilər. Linkə daxil olub baxanda digər şəhidlərimizin arasında qardaşımın – Şıxızadə Tural Ətraf oğlunun adını gördüm. Həqiqətən, çox qürurlandım. Fikirləşdim ki, qardaşımın göstərdiyi şücaət, qəhrəmanlıq unudulmur. Dövlət onun xidmətlərini yüksək qiymətləndirir. Bu, bizim ailə üçün çox böyük qürurdur. Əziyyəti, tökdüyü qan yerdə qalmadı”.
Uşaqlıqdan idmana böyük maraq göstərən Tural qol güləşi üzrə üçqat ölkə çempionu olub. O, qazandığı uğurlarla idmanda adını tanıtmağa başlasa da, Vətən müharibəsi başlayanda heç bir tərəddüd etmədən ön cəbhəyə yollanıb. Onun üçün ən böyük mükafat doğma torpaqların azadlığı uğrunda döyüşmək idi. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Tural Şıxızadə cəmi iki ay sonra başlayan Vətən müharibəsində iştirak edib. Goranboy istiqamətindən başlayaraq Suqovuşan və Ağdərə istiqamətində gedən ən ağır döyüşlərdə vuruşan gənc əsgər silahdaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib. Döyüş yoldaşlarının xatirəsində qorxmaz, qətiyyətli və tapşırıqları sonadək yerinə yetirən əsgər kimi qalan Tural hər zaman ön sırada olmağa çalışıb, Vətən uğrunda döyüşməyi isə ən böyük şərəf sayıb.
“Sonuncu danışığımızı heç vaxt unutmuram. Bizə demədi ki, artıq döyüş bölgəsindədir. Sadəcə dedi ki, hər şey yaxşıdır, narahat olmayın. Salamatçılıq olsun, hər şey yaxşı olacaq. Müharibə də dayanacaq. Gələrsiniz, yenə görüşərik, bir-birimizi görərik. Halbuki sentyabrın 26-dan onları döyüş xəttinə aparmışdılar. Bizimlə danışanda artıq döyüşlərin içində idi. Amma bizi narahat etməmək üçün bunu deməmişdi”.





















