Azərbaycanda vətəndaşların topladığı pensiya kapitalından xəstəlik, mənzil alınması və ya digər həyati ehtiyaclar üçün istifadə edə bilməməsi tez-tez müzakirə olunan məsələlərdən biridir. Bir çoxları hesab edir ki, illərlə topladıqları vəsait üzərində sərəncam vermək hüququna malik olmalıdırlar.
Bəs mövcud qanunvericilik buna niyə imkan vermir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda vətəndaşlar topladıqları pensiya kapitalından müstəqil şəkildə istifadə edə bilmirlər.
Onun sözlərinə görə, pensiya yaşı çatdıqda vətəndaşa pensiya avtomatik olaraq təyin edilir və həmin vəsait aylıq şəkildə ödənilir:

“Vətəndaş topladığı pensiya kapitalı üzərində hər hansı sərəncam verə bilməz. Bununla bağlı avtomatlaşdırılmış sistem tətbiq olunur. Pensiya yaşı çatdıqda həmin kapitaldan yalnız aylara bölünmüş formada yararlanmaq mümkündür”.
Bəzi Avropa ölkələrində vətəndaşlar toplanmış pensiya kapitalının 20-30 faizindən tibbi, təhsil və ya digər vacib ehtiyaclar üçün istifadə edə bilirlər. Lakin əksər ölkələrdə bu vəsait yalnız pensiya yaşına çatdıqdan sonra aylıq ödənişlər formasında təqdim olunur”.
R.Abbasbəyli vurğulayıb ki, bir çox ölkələrdə tibbi xidmətlər dövlət və ya icbari tibbi sığorta fondları tərəfindən qarşılanır, mənzil və təhsil sahəsində isə müxtəlif güzəştlər tətbiq edilir. Azərbaycanda isə sosial təminat mexanizmlərinin hələ də kifayət qədər güclü olmadığını deyən ekspert pensiyaçıların bir sıra sosial imkanlardan məhrum qaldığını bildirib.
Onun fikrincə, pensiya kapitalının tam şəkildə vaxtından əvvəl istifadəsinə icazə verilməsi gələcəkdə ciddi problemlər yarada bilər:
“Pensiya kapitalı vətəndaşın əmək qabiliyyətini itirdiyi dövrdə sosial təminatını qorumaq üçün nəzərdə tutulub. Dövlət hesab edir ki, bu vəsait yaşlı insanların maliyyə təhlükəsizliyinin təminatıdır. Əgər vətəndaşlara həmin vəsait üzərində tam sərəncam vermək hüququ verilsə, gələcəkdə bir çox şəxslər pensiya yaşına çatdıqda gəlir mənbəyindən məhrum ola bilər”.
Ekspert hesab edir ki, bu məhdudiyyət ümumilikdə düzgün mexanizm sayılsa da, bəzi istisna hallarda pensiya kapitalının müəyyən hissəsindən istifadə imkanının yaradılması müzakirə oluna bilər:
“Həyati əhəmiyyətli hallarda vəsaitin müəyyən hissəsinin, məsələn 30 faizinin istifadəsinə imkan verilməsi gələcəkdə nəzərdən keçirilə bilər. Lakin bunun üçün ilk növbədə Azərbaycanda özəl pensiya fondlarının formalaşması və alternativ mexanizmlərin yaradılması vacibdir”.
İqtisadçının sözlərinə görə, hazırkı şəraitdə pensiya kapitalının qorunması dövlət tərəfindən vətəndaşların gələcək sosial təminatının əsas zəmanətlərindən biri kimi qiymətləndirilir.














