17-25 iyun tarixində Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi başlayacaq.
Qeyd edək ki, ötən il bir sıra fənlərdən keçirilən sertifikasiya imtahanları ilə bağlı kütləvi narazılıqlar səsləndirilmişdi.
Bəs builki imtahanlardan gözləntilər nədir?
Təhsil eksperti Şəmsi Qoca Redaktor.az-a açıqlamasında bildirdi ki, sertifikasiya prosesi bu gün Azərbaycan təhsilinin ən aktual, eyni zamanda ən çox müzakirə edilən və həssas məsələlərindən biridir.

Müsahibimizin sözlərinə görə, ötən il bəzi fənlər üzrə sualların çətinlik dərəcəsi, xüsusən də proqram çərçivəsindən kənara çıxma iddiaları və bəzi texniki məsələlər müəllimlər arasında müəyyən narazılıqlara və gərginliyə səbəb olmuşdu:
“Bu, tamamilə anlaşılandır, çünki söhbət illərini bu peşəyə vermiş insanların əməyindən, mənəvi statusundan və gələcək taleyindən gəlir. Lakin builki gözləntilər və görülən işlər bizə müəyyən qədər nikbin olmağa əsas verir. Elm və Təhsil Nazirliyi ötənilki təcrübəni, səslənən tənqidləri və müəllimlərin rəylərini ciddi şəkildə analiz edib. Cari ilin imtahanlarında ilk növbədə çərçivə sənədinin dəqiqliyinə xüsusi önəm verilir. Bu il sualların məhz elan olunmuş çərçivə sənədinə və metodologiyaya uyğun hazırlanmasına xüsusi diqqət yetirilir ki, keçən il narahatlıq doğuran “gözlənilməz” sual tipləri minimuma endirilsin. Digər tərəfdən, metodika və kurikulum suallarının mahiyyətində də dəyişiklik gözlənilir. Keçən il ən çox birmənalı qarşılanmayan hissələrdən biri metodika suallarının həddindən artıq akademik dildə və bəzən qəliz formalaşdırılması idi. Bu il həmin sualların daha çox praktiki müəllim fəaliyyətinə — sinif idarəedilməsi və real dərsin təşkilinə yönəlməsi hədəflənir. Eyni zamanda müəllimlərimizin psixoloji hazırlığı və adaptasiya səviyyəsi də fərqlidir; artıq müəllimlərimiz imtahanın formatına, kompüter qarşısında işləmək qaydalarına daha yaxşı bələddirlər və il ərzində keçirilən sınaq imtahanları da bu gərginliyi azaltmağa kömək edib.
Təbii ki, hər bir kütləvi imtahanda müəyyən dərəcədə həyəcan və fərdi narazılıqlar qaçılmazdır. Lakin builki imtahanların daha sistemli, şəffaf və ötənilki kütləvi narazılıqlardan uzaq bir şəraitdə keçəcəyinə ümidimiz böyükdür. Dövlətin də bu prosesdə əsas məqsədi müəllimi “kəsmək” deyil, onun potensialını üzə çıxarmaq və təhsilimizin insan kapitalını gücləndirməkdir”.













