Azərbaycanda tək yaşayan şəxslərin kommunal xidmətlərə görə güzəşt əldə etməsi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, pensiya ilə dolanan yaşlı insanların işıq, qaz, su və istilik xərclərinin onların aylıq gəlirlərinin əhəmiyyətli hissəsini təşkil etdiyi bildirilir.
Bəs tək yaşayan və sosial həssas qrupa aid şəxslər kommunal ödənişlərdən azad edilə və ya onlar üçün xüsusi güzəştlər tətbiq oluna bilərmi?
Gündəm24.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda kommunal xidmətlərin qiyməti bir çox ailənin büdcəsinə ciddi təsir göstərir.

Onun sözlərinə görə, orta hesabla bir ailənin qış və yay aylarında kommunal xərcləri 100-150 manat arasında dəyişir:
“Yay aylarında kondisionerin, qışda isə kombinin davamlı işlədiyini nəzərə alsaq, xüsusilə orta və aztəminatlı ailələr üçün bu məbləği ödəmək kifayət qədər ağırdır. Hesab edirəm ki, ümumilikdə ölkə vətəndaşları üçün kommunal xidmətlərin tariflərinə yenidən baxılmalı, qiymətlər aşağı salınmalıdır.”
Cavanşir Abbaslı hesab edir ki, bəzi sosial qruplara xüsusi güzəştlər tətbiq edilməlidir.
“Tək yaşayan insanlar, ağır xəstələr, heç bir yerdə işləməyən ailələr kimi həssas kateqoriyalara kommunal ödənişlərdə müəyyən güzəştlər etmək mümkündür. Dövlət üçün vətəndaşların sosial vəziyyətini, kimin tək yaşadığını və hansı şəraitdə həyat sürdüyünü müəyyənləşdirmək çətin deyil.”
Siyasi şərhçinin fikrincə, ölkədə tək yaşayanların əksəriyyətini yaşlı insanlar təşkil edir:
“Onlar vaxtilə övladlarını böyüdüb ərsəyə çatdırıblar. Bu gün isə övladları ayrı-ayrı yerlərdə yaşayır və həmin insanlar çox vaxt tək qalırlar. Ümumi əhali fonunda onların sayı o qədər də çox deyil. Buna görə də həmin şəxslərə kommunal güzəştlərin tətbiqi, hətta müəyyən hallarda bu ödənişlərdən tam azad olunmaları daha məqsədəuyğun olardı.”
Abbaslı vurğulayıb ki, tək yaşayan yaşlı insanların əsas gəlir mənbəyi pensiyadır və mövcud pensiya məbləği onların normal həyat şəraitini təmin etmək üçün kifayət etmir.
“Bu insanların əksəriyyəti yalnız pensiya hesabına yaşayır. Azərbaycanda pensiyaların məbləğini nəzərə alsaq, bəzən onların üçdə biri kommunal xidmətlərin ödənişinə sərf olunur. Belə şəraitdə yaşamaq həqiqətən də çox çətindir. Dövlət bu istiqamətdə düşünməli və sosial həssas insanların yükünü azaltmaq üçün konkret addımlar atmalıdır.”












