Azərbaycanda sosial mənzil təminatı ilə bağlı qaydalar yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə, dövlət hesabına mənzil alan şəxslərin sonradan yenidən müraciət edib-etməyəcəyi, hansı hallarda ikinci dəfə mənzil hüququnun yaranacağı cəmiyyətdə maraq doğurur. Ailə vəziyyətinin dəyişməsi, yaşayış şəraitinin ağırlaşması və fövqəladə hadisələr bu məsələ ətrafında müxtəlif suallar yaradır.
Bəs qanunvericilik sosial mənzillər üçün təkrar müraciət imkanını hansı hallarda tanıyır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Xəzani oğlu Məmmədov bildirib ki, mövcud qanunvericiliyə görə dövlət hesabına mənzil təminatı əsasən birdəfəlik sosial dəstək mexanizmi hesab olunur:

“İmtiyazlı kateqoriyaya aid vətəndaşlar dövlət mənzil fonduna yalnız bir dəfə növbəyə götürülə bilərlər.
Burada məqsəd şəxsi daha komfortlu və ya geniş mənzillə təmin etmək deyil, onun minimal yaşayış ehtiyacını qarşılamaqdır. Sonradan ailə üzvlərinin sayının artması və ya yaşayış sahəsindən narazılıq yeni hüquqi əsas yaratmır”.
Vəkilin sözlərinə görə, təkrar müraciət hüququ yalnız xüsusi və fövqəladə hallarda mümkün ola bilər:
“Əgər yaşayış sahəsi təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşərsə və ya tamamilə məhv olarsa, bu zaman məsələ yeni hüquqi vəziyyət kimi qiymətləndiriləcək. Belə hallarda vətəndaşın yenidən müraciət etmək hüququ nəzərdən keçirilə bilər. Ancaq eyni əsasla ikinci dəfə mənzil tələb olunması sosial ədalət prinsipinə uyğun hesab edilmir. Çünki növbədə mənzil gözləyən digər vətəndaşların hüquqları da nəzərə alınmalıdır”.














