Azərbaycanda bir qrup vətəndaş var ki, rəsmi iş yeri, eyni zamanda kirayə müqaviləsi yoxdur. Onların bir çoxu pensiya və ya əlillik müavinətləri hesabına dolanırlar. Bu ailələrin bir qismi qeydiyyat problemləri ilə üzləşdiyindən, mövcud qaydalara əsasən ünvanlı sosial yardım almaq şərtlərini yerinə yetirə bilmir. Halbuki sosial dəstəyə ən çox ehtiyacı olan təbəqələrdən biri məhz bu kateqoriyaya aid insanlardır. Belə ailələrdən biri də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yaşayan Arzu Camalova məsələ ilə bağlı redaksiyamıza müraciət edib və yardım istəyib.
Bu cür ailələr üçün sosial yardım mexanizmlərində müəyyən yumşalmaların tətbiqi nəzərdə tutulubmu?
Sosial müdafiəyə daha çox ehtiyacı olan, lakin mövcud kriteriyalara uyğun gəlməyən vətəndaşlar üçün ayrıca bir sosial dəstək konsepsiyasının hazırlanması planlaşdırılırmı?

Rəşad Mehdili
Məsələ ilə bağlı KONKRET.az-ın sorğusunu cavablayan DSMF-nin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələrlə bağlı ünvanlı dövlət sosial yardımı proqramı icra edilir. Ünvanlı sosial yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 2 dəfəyə yaxın artaraq 2026-cı ilin 1 yanvar tarixinə 76,1 min ailə (336 min nəfər ailə üzvü) təşkil edib. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiqlənən ehtiyac meyarı 2018-ci ilə nisbətən 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bu yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 2018-ci ilə nisbətən 2,4 dəfə artaraq 175 manatdan 422 manata çatıb”, — R. Mehdili qeyd edib.
“Prezident müvafiq sərəncamına əsasən 2026-cı ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrə – 76 103 ailənin hər birinə (337 932 nəfər ailə üzvü) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 200 manat birdəfəlik maddi yardım da verilib.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımına müraciət qeydiyyat ünvanından deyil, faktiki yaşayış ünvanı üzrə ailə tərkibi haqqında arayış əsasında edilir. Yəni müraciət zamanı ailə üzvlərinin faktiki yaşadığı ünvanla qeydiyyat ünvanının eyni olmaması hər hansı çətinlik yaratmır. Həmçinin ünvanlı dövlət sosial yardım işsizliyə görə deyil, aztəminatlılığa görə təyin olunur.
Əmək qabiliyyətsiz şəxslərdən və orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə (I dərəcə), 8 yaşına çatmamış uşağa və ya 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağa qulluq edən, həmçinin 23 yaşadək əyani təhsil alan ailə üzvünün məşğulluğu tələb olunmur.
Əmək qabiliyyətsiz şəxslərə – orqanizmin funksiyalarının 81–100 faiz və 61-80 fazi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər (I dərəcə, II dərəcə), yaşa görə sosial müavinət və yaşa görə əmək pensiyası alan şəxslər aiddir.
Camalova Arzu Cəmaləddin qızına hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən hər hansı sosial ödəniş verilmir.
Arzu Camalovanın ailəsinə 01.11.2022-ci il tarixindən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilərək ödənilib. Bundan sonra ailənin sosial yardımla bağlı elektron sistemə müraciəti olmayıb”, — deyə qurum rəsmisi sonda vurğulayıb.














