Elnur Azadxanov getdi, bəs onun dövründən qalanlar?
Sumqayıt səhiyyəsi ilə bağlı bu gün səslənən narazılıqlar əslində yeni məsələ deyil. Yeni olan yalnız bəzi şəxslərin bu problemləri indi görməyə başlamasıdır. Elnur Azadxanov Sumqayıt səhiyyəsinə rəhbərlik etdiyi dövrdə vətəndaşların narazılığına səbəb olan kifayət qədər ciddi problemlər vardı. İşləməyən və ya düzgün istifadə olunmayan avadanlıqlar, növbələr, xidmətin təşkili ilə bağlı çatışmazlıqlar, həkim davamiyyəti ilə bağlı narazılıqlar və ümumi idarəetmə problemləri barədə dəfələrlə danışılıb.
Mən şəxsən bu problemlərin bir qisminin şahidi olmuşam. Amma bu gün maraqlı mənzərə yaranıb. Elnur Azadxanov vəzifədən gedəndən sonra bəzi şəxslərin dili açılıb.
İndi sual vermək lazımdır:
“Bəs siz bu problemləri Azadxanovun vaxtında görmürdünüz? O zaman niyə danışmırdınız?
Niyə narazılıq etmirdiniz?
Niyə vətəndaşların qarşılaşdığı problemləri gündəmə gətirmirdiniz? Problemlər bu gün yaranmayıb axı!”
İndi isə illərlə yığılıb qalmış bütün çatışmazlıqları müvəqqəti olaraq Sumqayıt şəhər səhiyyəsinə rəhbərlik edən Ramil Qasımovun ayağına yazan dəstə fəaliyyətə başlayıb. Bu, nə qədər obyektiv yanaşmadır?
Ramil Qasımov bu vəzifəni müvəqqəti icra edir. Deməli, əvvəlki dövrdən qalan problemlərin hamısını onun üzərinə qoymaqla nə ədalətli nəticə əldə etmək olar, nə də Sumqayıt səhiyyəsindəki real problemlərin səbəblərini müəyyənləşdirmək. Əgər həqiqətən dəyişiklik istəyiriksə, onda məsələni şəxsiləşdirmək yox, sistemli şəkildə araşdırmaq lazımdır:
Elnur Azadxanovun rəhbərliyi dövründə hansı problemlər yaranıb?Hansılar həll olunmayıb?Niyə illərlə həll olunmayıb?Hansı idarəçilik qərarları bu vəziyyətə gətirib çıxarıb?Və ən əsası — Azadxanov vəzifədən getdikdən sonra onun dövründə formalaşdığı deyilən idarəçilik və kadr münasibətləri həqiqətən dəyişibmi?
Çünki bir şəxsin vəzifədən getməsi hələ sistemin dəyişməsi demək deyil. Əgər doğrudan da yeni səhifə açılırsa, onda köhnə problemlər də, köhnə idarəçilik vərdişləri də açıq şəkildə araşdırılmalıdır. Amma bu araşdırma Ramil Qasımovu günahlandırmaqla başlamamalıdır.
Əvvəlcə dünənə baxmaq lazımdır. Çünki bu gün ortaya çıxan problemin kökü dünəndədirsə, məsuliyyəti də yalnız bu gün vəzifəni müvəqqəti icra edən şəxsin üzərinə atmaq ədalətli deyil.
Bir daha deyirəm: Elnur Azadxanovun dövründə susub, bu gün danışmaq istəyənlərə də sualım var:
“Siz bu problemləri o vaxt niyə görmürdünüz?Yoxsa problem həqiqətən mövcud deyildi, sadəcə indi danışmaq üçün münasib vaxt yetişib?Sumqayıt səhiyyəsinin vətəndaşa sözü yox, nəticəsi lazımdır.”
İnsan xəstəxanaya gedəndə normal xidmət istəyir. Həkimə çatmaq istəyir. Saatlarla növbə gözləmək istəmir. Avadanlığın işləməsini, tibbi xidmətin vaxtında göstərilməsini istəyir.
Ona görə də artıq şəxslərin arxasında dayanmaq, kimisə müdafiə etmək və ya bütün günahı yenicə vəzifəni müvəqqəti icra edən şəxsin üzərinə atmaq əvəzinə, sistemin özünü təmizləmək və real problemlərin kökünü ortaya çıxarmaq lazımdır.
Gündəm24.az