Son iki əsrlik tariximizin ən böyük və bənzərsiz Qələbəsi sayəsində təkcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmədi, bu Zəfər Azərbaycanın dövlət müstəqilliyini də xarici təhdidlərdən xilas etdi. Müstəqillik Gününün yağı tapdağından xilas edilmiş Qarabağda və Şərqi Zəngəzurda qeyd edilməsi isə müstəqil Azərbaycanın vətəndaşları olaraq hər birimiz üçün xüsusilə qürurvericidir.
Dost və qardaş ölkələrin səmimi rəğbətlə, bədxahlarımızın isə hər zaman xəbslik və qısqanclıqla izlədiyi bu qürurverici mənzərə artıq bir ənənəyə çevrilib. Prezident İlham Əliyev 6-cı ildir ki, Müstəqillik Gününü 28 il həsrətində olduğumuz torpaqlarımızda qeyd edir. Bu il də istisna olmadı, cənab Prezident, Müzəffər Ali Baş Komandan həmin Günü öz dədə-baba yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərlə birgə qeyd etdi. Əminəm ki, Azərbaycan Prezidentinin Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin sakinləri qarşısında çıxışı zamanı verdiyi bu mesaj xalqımızla yanaşı, qardaş və dost ölkələri bir daha sevindirəcək, bədxahlarımızı isə növbəti dəfə məyus edəcək: “Həm 2020-ci il, həm də 2023-cü il Şanlı Zəfərimizdir və biz əbədi bu Zəfərlə fəxr edəcəyik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir. Əldə edilmiş sülh bizim şərtlərimiz əsasında olmuşdur. Bu, bir daha göstərir ki, xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və biz bu torpaqlara qayıdacağıq”.
Azərbaycan Prezidenti işğal dövründə də xarici ölkələrin dövlət və hökumət başçılarından Müstəqillik Günü ilə bağlı təbrik məktubları alırdı. Geriyə boylanıb təhlil aparsaq görərik ki, bu məktublarda Qarabağı yada salan və onun işğaldan azad olunmasına çağırış edən cəmi bir neçə lider var idi. Çünki xarici liderlərin çoxu tarixi ədalətin bərpa olunacağına inanmırdı. Səbəb də çox sadə idi. Bilirdilər ki, Qarabağ düyününün arxasında böyük güclərin maraqları, cahil və rüsvayçı təəssübkeşlik motivləri dayanır. Məlum dairələrin maneələrinə, təhdid və təzyiqlərinə, çirkin qarayaxma kampaniyalarına və məkrli planlarına baxmayaraq, Azərbaycan xalqı yenə də Qələbəyə inanır və tərəddüdsüz etimad göstərdiyi Liderinin sarsılmaz iradəsi sayəsində o günü ilbəil yaxınlaşdırırdı. Prezident İlham Əliyevin Qarabağdan verdiyi bu mesaj da tarixi Qələbəmizi mümkün edən böyük həqiqəti əks etdirir: “Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir”.
Bu il 28 may-Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə gələn təbrik məktublarının mətninə diqqət yetirsək görərik ki, hətta ən böyük dövlət başçılarının ritorikası da necə dəyişib, onlar xalqımızın qələbə əzminə, Azərbaycan Prezidentinin liderlik bacarığına və sarsılmaz qətiyyətinə hörmət və ehtiramlarını artıq gizlətmirlər. Prezident İlham Əliyevin Qarabağdan verdiyi növbəti mesaj da elə bu reallığa söykənir: “İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq “.
Müstəqillik Gününü qalib dövlətin vətəndaşı kimi qeyd etməyin sevincini yalnız onu yaşayanlar bilər. Buna görə də nə indiki, nə də gələcək nəsillər Azərbaycan Prezidentinin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində səsləndirdiyi növbəti açıqlamasının arxasında dayanan tarixi həqiqətləri heç vaxt unutmamalıdır: “”Dəmir yumruq” hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz”.
Ülvi Quliyev,
Milli Məclisin deputat













