Sosial şəbəkələrdə dələduzluğun yeni növünə dair müzakirələ gedir.
Fəndgirlər saxta bank köçürmə qəbzləri hazırlamağa başlayıblar.
Onlar ödəniş etdiklərini göstərən “qəbz”i təqdim edir, daha sonra isə müxtəlif bəhanələrlə guya köçürülən məbləğin geri qaytarılmasını tələb edirlər.
Gündəm24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Elbrus İbrahimov “Yeni Sabah”a bildirib ki, saxta bank köçürmə qəbzləri ilə insanları aldatmağa çalışanların sayı artıb:
“Bu, sosial şəbəkələr və onlayn ticarət platformaları vasitəsilə edilir. Bu cür hallarda bəzi şəxslər bank köçürməsinə bənzər saxta qəbz hazırlayaraq satıcıya göndərir, ödəniş etdiklərini iddia edir və malı əldə etməyə çalışırlar. Bəzi hallarda isə guya artıq vəsaitin köçürüldüyünü bildirərək həmin məbləğin geri qaytarılmasını tələb edirlər”.
Nazirlik rəsmisi qeyd edib ki, belə hallarla bağlı polis orqanlarına daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır:
“Dələduzluq əlamətləri müəyyən edildiyi hallarda, vurulmuş ziyanın məbləğindən asılı olmayaraq, əmələ hüquqi qiymət verilir.
Vətəndaşlara tövsiyə edirik ki, yalnız göndərilən qəbzə əsaslanaraq malı və ya xidməti təhvil verməsinlər. Vəsaitin həqiqətən bank hesabına daxil olduğunu mobil tətbiq və ya bankdan əldə olunan rəsmi məlumat əsasında yoxladıqdan sonra əməliyyatı tamamlasınlar”.














