Zəngəzur bölgəsində ABŞ-ın “AECOM” mühəndislik və konsaltinq şirkətinin nümayəndələrinin iştirakı ilə mühüm infrastruktur araşdırmaları aparılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyi özünün rəsmi “Facebook” səhifəsində məlumat yayıb.
Səfirlikdən verilən məlumata görə, ötən həftə Ermənistana səfər edən “AECOM” komandası, Ermənistan hökumətinin tərəfdaşları ilə birlikdə bölgədə TRIPP (“Beynəlxalq sülh və rifah üçün Tramp Yolu”) layihəsinin lokasiyalarını yerində tədqiq edib. Layihənin əsas məqsədi dəmir yolu xətləri və digər mühüm infrastrukturun qurulmasıdır ki, bu da regionda iqtisadi artımı, qarşılıqlı əlaqəni və regional inteqrasiyanı stimullaşdırmalıdır.
Bu səfər, ABŞ-ın regionda infrastruktur layihələrinə marağının artdığını göstərməklə yanaşı, Zəngəzur dəhlizi və ümumilikdə Cənubi Qafqazın nəqliyyat marşrutları üzərində gedən geosiyasi mübarizədə yeni bir mərhələnin başlanğıcı kimi qəbul edilir. “AECOM” kimi qlobal miqyaslı bir şirkətin layihədə iştirakı, “Trump Yolu” təşəbbüsünün siyasi və iqtisadi cəhətdən ciddi şəkildə dəstəkləndiyinə işarə edir.














