Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) və digər strateji obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi ardıcıl zərbələr Rusiya Prezidenti Vladimir Putinin narazılığına səbəb olub.
Gündəm24.az bildirir ki, “Reuters” agentliyinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Putin Ukraynaya daha sərt cavab verilməsi tərəfdarıdır.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ukraynanın müttəfiqləri hesab edirdilər ki, Rusiyanın enerji infrastrukturuna endirilən uğurlu PUA hücumları müharibənin gedişini dəyişəcək və Moskvanı hərbi əməliyyatları dayandırmağa məcbur edəcək.
Lakin “Reuters”in mənbələri bildirirlər ki, bu hücumlar əksinə, Putinin müharibəni davam etdirmək və cavab zərbələri vurmaq əzmini daha da gücləndirib.
Bildirilir ki, Rusiyanın neft emalı zavodlarına hücumlardan sonra Rusiya ordusu Kiyevə bir neçə dəfə genişmiqyaslı raket və dron zərbələri endirib. Nəticədə onlarla insan həlak olub.
Mənbələrin iddiasına görə, Putin Donbasın tam nəzarət altına alınması planından da imtina etmək niyyətində deyil.
Qeyd olunur ki, o, cəbhə xətti üzrə münaqişənin dondurulmasını təklif edən bir qrup müşavirini sərt tənqid atəşinə tutub, Kremlə qələbənin lazım olduğunu bildirib.
“Reuters”in həmsöhbətləri Putinin Rusiya ordusunun yaxın vaxtlarda Donbasın bütün ərazisinə nəzarəti ələ keçirəcəyinə inandığını deyirlər.
Bundan əlavə, agentliyin məlumatına görə, Putin müharibənin daha da genişlənməsinə hazırlaşır. Mənbələrdən biri hesab edir ki, eskalasiya artıq yaxın aylarda baş verəcək. Bunun hansı formada olacağı isə açıqlanmır./globalinfo













