Son 24 saat ərzində Rusiya aviaşirkətlərinə məxsus iki sərnişin təyyarəsində texniki nasazlıq baş verib.
Kazandan Yekaterinburqa uçan Red Wings aviaşirkətinə məxsus Sukhoi Superjet 100 təyyarəsi texniki problem səbəbindən uçuş hava limanına geri qayıdıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, nasazlıq eniş mexanizmində yaranıb. Təyyarənin göyərtəsində 85 sərnişin olub və eniş zamanı xəsarət alan olmayıb.
Red Wings sərnişinlərin daşınması üçün ehtiyat təyyarə təqdim edəcəyini bildirib. Koltsovo hava limanının uçuş məlumatına əsasən, reys daha sonra NordStar aviaşirkətinin Y7-7068 uçuşu ilə birləşdirilib.
Bu, Rusiya aviaşirkətlərinin təyyarələri ilə bağlı son 24 saatda baş verən ikinci hadisədir. Martın 8-i axşam saatlarında Tümendən Vyetnamın Nha Trang şəhərinə uçan Azur Air aviaşirkətinə məxsus Boeing 767-300 təyyarəsi qəza siqnalı verib. Uçuşdan təxminən altı saat sonra, Myanma yaxınlığında təyyarənin mühərrikində problem yaranıb.
Ekipaj təyyarəni Myanmanın ən yaxın hava limanı olan Yanqonda endirmək qərarına gəlib. Göyərtədə olan 336 sərnişin və 10 ekipaj üzvündən heç biri xəsarət almayıb.
Qeyd olunur ki, bundan əvvəl də Azur Air-ə məxsus eyni tip Boeing 767 təyyarəsində iki dəfə mühərriklə bağlı problem yaşanıb. İlk hadisə fevralın 27-də, təyyarə Vyetnamın Fukuok adasından Kazana uçuşa hazırlaşarkən baş verib. İkinci hadisə isə martın 2-də Moskva–Pattaya reysi zamanı qeydə alınıb. Buna baxmayaraq, təyyarə həmin uçuşu uğurla başa çatdırıb.
Məlumata görə, Azur Air aprel ayından etibarən texniki nasazlıqlar, hökumət yoxlamaları və sərnişinlərin uzun uçuş gecikmələri ilə bağlı şikayətləri səbəbindən heyət sayını və uçuş cədvəlini azaltmağı planlaşdırır.














