Keçmiş Cənubi Osetiya prezidenti Alan Qaqloyevin Rusiya Prezidenti Vladimir Putinin müşaviri təyin olunması respublikanın Rusiyaya mümkün birləşməsi ilə əlaqəli deyil.
Ajans.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Peskov Alan Qaqloyevin yeni vəzifəyə təyin edilməsinin Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi prosesinin bir hissəsi olub-olmaması ilə bağlı suala qısa cavab verib:
“Xeyr, bu belə deyil”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Alan Qaqloyev Cənubi Osetiya rəhbəri vəzifəsindən istefa verdiyini və Rusiya Prezidenti Vladimir Putinin müşaviri olmaq təklifini qəbul etdiyini açıqlamışdı.
Onun yeni təyinatı fonunda bəzi ekspertlər və media orqanları Cənubi Osetiyanın gələcəkdə Rusiyanın tərkibinə daxil ola biləcəyi ilə bağlı ehtimallar səsləndirmişdilər. Kremlin son açıqlaması isə bu iddiaları təkzib edib.














