Cinsi cinayətlərdə iştirakına görə 20 il müddətinə azadlıqdan məhrum edilmiş Qisleyn Maksvell maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yeni materialların dərcindən sonra hökmünə yenidən baxılması üçün vəsatət qaldırıb.
Gündəm24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Aif.ru məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Epşteynə kömək etməkdə günahlandırılan Maksvell məhkəmədən ona qarşı çıxarılmış hökmün ləğv edilməsini, etibarsız sayılmasını və ya dəyişdirilməsini xahiş edir. Bu müraciətə səbəb kimi Epşteyn sənədlərinin şəffaflığı qanunu çərçivəsində bu yaxınlarda məxfiliyi ləğv edilmiş və ictimaiyyətə təqdim olunmuş materiallar göstərilir.
Maksvellin iddialarına görə, yeni sənədlərdə əvvəllər məhkəməyə təqdim olunmamış mühüm sübutlar yer alır. O, həmçinin bəzi şahidlərin yalan ifadələr verdiyini və məhkəmə prosesi zamanı ciddi qayda pozuntularına yol verildiyini bildirir.
Vəsatətdə qeyd olunur ki, iddia edilən pozuntuların məcmusu böyük məhkəmə səhvinə gətirib çıxarıb və çıxarılan hökmün qanuniliyini şübhə altına alıb.
ABŞ Ədliyyə Nazirliyi Epşteynin işi üzrə bütün sənədləri dekabrın 19-dək ictimaiyyətə açıqlamalı idi. Ümumilikdə 100 min səhifədən çox material dərc edilib, onların bir hissəsi isə müəyyən edilmiş vaxtdan yalnız bir neçə həftə sonra mətbuata sızdırılıb.













