İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib və ölkənin bütün diplomatik korpusu adından yeni liderə sədaqət andı içib.
Gündəm24.az xəbər verir ki, İran xarici işlər nazirinin bununla bağlı mesajı nazirliyin rəsmi saytında dərc edilib.
Mesajda deyilir ki, yeni Ali Liderin seçilməsi “ölkə üçün mövcud təhlükəli vəziyyətdə onun suverenliyinin və ərazi bütövlüyünün qorunmasına zəmanət verir və milli birliyi gücləndirir”.
Əraqçi öz adından və İslam Respublikasının bütün diplomatları adından “ölkənin üçüncü Ali Liderinə sədaqətini təsdiqləyib və İran xalqının hüquqlarının qorunması və İranın milli maraqlarının beynəlxalq arenada irəli sürülməsi öhdəliyindən bir an belə imtina etməyəcəyinə and içib”.
09:45
Bu gün Tehranda İranın yeni lideri Müctəba Xameneinin andiçmə mərasimi keçiriləcək.
Gündəm24.az xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi məlumat yayıb.
Tədbir Tehranın mərkəzindəki Azadi meydanında, yerli saatla 15:00-da başlayacaq.
Qeyd edək ki, İranın mərhum Ali Lideri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İslam Respublikasına qarşı birgə əməliyyatının ilk günündə öldürülüb. Ötən gecə isə 56 yaşlı Müctəba Xameneinin yeni Ali Rəhbər seçildiyi açıqlanıb.














