Rusiya Avrasiya İqtisadi İttifaqına üzv olan digər ölkələri də Qərblə əlaqələri genişləndirən Ermənistana qarşı qaldırmağa çalışır.
Avrasiya İqtisadi İttifaqına (AİB) üzv ölkələrin liderləri cümə günü Astanada Ermənistanın ittifaqda gələcək iştirakı məsələsini müzakirə edəcəklər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, sözügedən məsələ Ali Avrasiya İqtisadi Şurasının Astanadakı iclasında bu və ya digər dərəcədə müzakirə olunacaq.
Qeyd edək ki, Astana sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan iştirak etsə də, Ermənistanın baş naziri tədbirə gəlməyib.
ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi, siyasi şərhçi Azər Qasımov Bakupost.az–a bildirib ki, Ermənistanın Aİ ilə əməkdaşlıq istəyi Rusiyanın etirazı ilə qarşılansa da, hələlik İrəvana qarşı ciddi addımların atılması, xüsusən də Aİİ Şurasından çıxarılması gözlənilmir:
“Rusiya tərəfi bu fikirləri hələ ki, təzyiq məqsədilə bildirir”.
Amma ekspertin sözlərinə görə, bu məsələ gələcəkdə, Ermənistan Aİ ilə əməkdaşlığı genişləndirmək yolunu tutarsa, gündəmə gələ bilər:
“İndi isə seçki dövründə Ermənistan vətəndaşlarını çəkindirmək üçün iqtisadi təzyiqlər edilir. Qaz qiymətlərinin beynəlxalq bazara uyğun olacağından danışılır ki, vətəndaşlar Paşinyana səs verməkdən çəkinsin. Ermənistanın istehsal etdiyi şərab və konyak, kənd təsərrüfatı məhsullarının alışına qadağalar tətbiqini nəzərə alsaq bu, Ermənistan iqtisadiyyatına ciddi təzyiq üsulu hesab oluna bilər. Amma buna baxmayaraq Rusiya hələ də Azərbaycan vasitəsilə Ermənistana mineral gübrə, buğda və s. ixrac edir”.
Müsahibimizin fikrincə, Rusiya Ermənistan hakimiyyətini cəzalandırmaq üçün erməni cəmiyyətinə təzyiq yolundan ehtiyatla istifadə edir:
“Qeyd edilən təzyiq yolları xalqa yox, iri şirkətlərə təzyiq yoludur. Qaz məsələsi isə hələlik gələcəkdə təzyiq üsulu ola bilər, çünki artıq qarşıdan isti aylar gəlir və qaza tələbat onsuz da azalacaq. Rusiya bu məsələdə qışa doğru qəti qərar verəcək”.
A.Qasımov deyir ki, Paşinyanın yenidən seçilməsi durumunda Türkiyə və Azərbaycanın Ermənistana nəfəslik rolu oynayacağı şübhəsizdir:
“Sülh müqaviləsi imzalanan kimi Türkiyə ilə sərhədlərinin açılması Ermənistanın dünyaya qapılarını açacaq. Rusiya nə qədər Ermənistana təzyiq etsə də, daha da irəli gedəcək addımlar atıb İrəvanı özündən tamamilə uzaqlaşdırmaz”.
Siyasi şərhçi qeyd edir ki, Rusiyada bəzilərinin Ermənistanı ikinci Ukrayna ilə hədələmək cəhdləri isə tamamilə yersizdir:
“Əvvəla ona görə ki, bir neçə min əsgərlə Ermənistanı Ukraynaya çevirmək absurddur. Çünki 102-ci bazanın potensialı buna yetməz. Hesab edirəm ki, Paşinyanın qələbə çalacağı fonunda Rusiya yenidən Ermənistanla əməkdaşlıq yolunu tutacaq. Avropa İttifaqı ilə əməkdaşlıq məsələsi isə ancaq nəzəri məsələdir. Aİ ilə sərhəddi olmayan Ermənistanın necə ciddi əməkdaşlıq edəcəyi maraqlı məsələdir”.














