İran yenidən İsrailin mərkəzi hissəsinə raket zərbələri endirib. Hücum Bakı vaxtı ilə axşam saatlarında həyata keçirilib.
Globalinfo.az xəbər verir ki, raketlərdən bəziləri kasetli döyüş başlıqları ilə təchiz olunub.
Parçalanan mərmilərin hissələri yaşayış ərazilərinə düşüb. Ramat-Qan şəhərində 4 mərtəbəli yaşayış binasına birbaşa zərbə qeydə alınıb. Nəticədə bina ciddi zədələnib. İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.
Oxşar hadisə Petah-Tikva şəhərində də baş verib. Burada da yaşayış binasına düşən mərmi ciddi dağıntılara səbəb olub.
İsrail mediasının yaydığı məlumata görə, hücum nəticəsində “Ben Qurion” hava limanı ərazisində də ziyan dəyib. Belə ki, üç şəxsi təyyarə zədələnib. Onlardan ikisi qəlpələrin təsiri ilə sıradan çıxıb, biri isə yanaraq istifadəyə yararsız hala düşüb. Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.














