İranda hicabsız qadınların qaçış marafonu keçirdiyinə dair görüntülər yayılıb. Görüntülərin Tehranda qeydə alındığı bildirilir. Ümumiyyətlə, 2022-ci ildə Məhsa Əmininin öldürülməsinə görə başlayan etirazlardan sonra ölkənin bir çox yerində, xüsusilə iri şəhərlərdə qadınların hicab taxmadığına dair görüntülər yayılır.
İranda hicabın məcburi olması qaydası dəyişibmi? Bu, ölkədə daha köklü dəyişikliklərin başlanğıcı kimi dəyərləndirilə bilər?
Globalinfo.az-a danışan güneyli yazar, araşdırmaçı və tərcüməçi Məhəmməd Rəhmanifər deyib ki, dörd il əvvəl İranda çox ciddi etirazlar oldu:
“Qadın, həyat, azadlıq” şüarı ilə çox geniş etiraz aksiyaları keçirildi. Məhsa Əmininin öldürülməsindən sonra Güney Azərbaycan da, İranın digər bölgələri kimi, böyük etirazlara şahid oldu. Bir çox insan, demək olar ki, həyatını itirdi. Bəzi rəqəmlərə görə, 1500 nəfər, ümumən də gənclər və daha çox qadınlar həlak oldular. Lakin nəticədə rejim bu gənc qadınların daha iradəli olduqlarını gördü.
Rejim hazırda xarici siyasət baxımından ağır təzyiqlər və təhdidlərlə üz-üzədir. İsrail bir tərəfdən, ABŞ bir tərəfdən, başqaları digər tərəfdən. Hələ də iki ildir savaş içindədir. Buna görə də qadınlara əvvəlki kimi ağır təzyiqlər göstərə bilmir”.

Məhəmməd Rəhmanifər
M.Rəhmanifər İran Prezidenti Məsud Pezeşkianın fərqli biri olduğunu qeyd edib:
“Pezeşkianın haqqını yeməyək. Çünki rejimin qadınlara qarşı bir az yumşalmasında onun da rolu var. Təbrizdə, Güney Azərbaycanın başqa şəhərlərində, həmçinin Tehranda artıq qadınlar istədikləri kimi geyinirlər. Polis cəsarət edib birinə bir söz deyəndə, bütün xanımlar birlikdə hücum edirlər. Məcburən rejim bunu qəbul etmək məcburiyyətində qalıb”.
Ekspert bildirib ki, rejim xarici təzyiqlərə görə hicab məsələsini təxirə salıb:
“Düşünmürəm ki, rejim bu məsələdə kompromisə getsin. Hazırda küçədə qadınlara müdaxilə edə bilmirlər. Əvəzində isə ümumi yerləri, məsələn, restoranları, kafeləri bağlatdırır. Sırf qadın müştərilərin başları açıq olduğuna görə. Məsələn, Təbrizdə bir xanım restoranda oturur, işçilər gəlib deyir ki, “lütfən, başınızı örtün”. Bunu da məcburən deyirlər, çünki polisdən onlara belə göstəriş gəlib. Bəziləri başını örtür, bəziləri isə oranı tərk edib başqa restorana gedir. Biz deyə bilmərik ki, bu məsələ tam həll olunub. Dövlət müəssisələrində və ictimai yerlərdə çalışan qadınların isə məcburi baş örtüyü qaydasına riayət etməli olduğunu nəzərə almaq lazımdır”.






