Son həftələr Rusiyanın Ukraynanın müxtəlif şəhərlərində mülki obyektləri hədəfə alan hücumlarının yenidən intensivləşdiyi müşahidə olunur. Ötən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə raket və PUA-larla hücum edib. Bu hücum nəticəsində azı 12 nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaşayış məntəqələri, enerji infrastrukturu və sosial obyektlərə hücumlar narahatçılıq doğurur. Moskva bununla nəyə nail olmaq istəyir?
Sfera.az-a açıqlama verən politoloq Cavanşir Abbaslı bildirib ki, Rusiya hazırda “yaralı aslan” obrazında çıxış edir:
“Xüsusilə də bu obrazın formalaşmasına səbəb olan əsas məqamlardan biri 9 May Qələbə Paradı ilə bağlı Ukrayna tərəfinin sərgiləyin davranışlar oldu. Hətta dünya mediasında Ukraynanın Rusiyaya parad keçirməyə “icazə verdiyi” yönündə xəbərlər də tirajlandı. Bu isə istər-istəməz Putin administrasiyasını sözün həqiqi mənasında özündən çıxardı. Ona görə də Rusiya tərəfinin bu cür cavab verəcəyi gözlənilən idi. Qələbə paradının ilk dəfə olaraq cəmi 45 dəqiqə davam etməsi, çox qısa müddətdə başlayıb-bitməsi, eləcə də hərbi texnikasız keçirilməsi onu deməyə əsas verirdi ki, Rusiya tərəfi hədsiz dərəcədə ehtiyat edir və mütləq şəkildə bunun cavabını verəcək. Təəssüflər olsun ki, indiyə qədər mülki obyektləri hədəfə alan Rusiya artıq Ukraynanın paytaxtına da hücum edir. Mülki əhalinin yaşadığı ərazilərin olub-olmamasını belə nəzərə almadan zərbələr endirilir. Son günlərdə, daha doğrusu, son aylarda Ukraynanın Moskvaya tez-tez dron hücumları həyata keçirməsinin də cavabsız qalmayacağı gözlənilən idi. Hesab edirəm ki, Rusiya bununla Ukraynaya “Sən mənim paytaxtımı vurursansa, mən də sənin paytaxtını vuraram” mesajını verməyə çalışıb”.

C.Abbaslı artıq müharibələrin etik çərçivələrdən çıxdığını əlavə edib:
“Əvvəllər müharibələrin də müəyyən etik qaydaları vardı. Amma artıq bunlar qorunmur. Bu isə təkcə Rusiya-Ukrayna savaşında özünü göstərmir. Son olaraq ABŞ və müttəfiqi İsrailin İrana hücumlarında da bunun şahidi olduq. Orada da mülki əhalinin yaşadığı ərazilər nəzərə alınmadan müxtəlif nöqtələrə zərbələr endirildi. İran tərəfində də çoxlu sayda mülki insan həyatını itirdi, hətta körpələr belə nəzərə alınmadı. Bu isə onu göstərir ki, böyük güclər artıq “mən istədiyimi edirəm” davranışı sərgiləyirlər. Bu da olduqca təhlükəli tendensiya yaradır və dünya üçün heç də xoş gələcək vəd etmir. Təbii ki, burada Rusiyanın əsas məqsədi Ukrayna cəmiyyətində, xüsusilə də əhali arasında xof yaratmaqdır. Onsuz da biz Ukrayna savaşında Buça terroru kimi əsrin faciələrindən birinin yaşandığını gördük. Onun fonunda bu cür nöqtə atışlarının olacağı gözlənilən idi və görünən odur ki, bundan sonra da belə zərbələrin şahidi olacağıq. Sadəcə olaraq, təəssüflənməkdən başqa əlimizdən çox da bir şey gəlmir. Dünyanın iki əsas supergücü – Rusiya və Amerika apardıqları savaşlarda mülki əhalini də hədəfə götürürlərsə, deməli, bu dünyanın gələcəyi heç də xoş görünmür”.














