Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bəyanatında Ukrayna münaqişəsinin hazırkı vəziyyəti, cəbhədəki real durum və rəsmi Moskva ilə Avropa ölkələri arasındakı münasibətləri şərh edib. Rusiya lideri döyüş əməliyyatlarının davam etdiyi bir şəraitdə Ukraynadakı münaqişənin konkret bitmə tarixlərini və müddətlərini açıqlamağın ehtiyatsızlıq olduğunu bildirib və bunun qeyri-mümkün olduğunu, özünün də heç bir halda belə bir addım atmayacağını vurğulayıb.
Gündəm24.az xəbər verir ki, Putin döyüş meydanındakı mövcud vəziyyətin Rusiyaya münaqişənin sona yaxınlaşdığını deməyə əsas verdiyini qeyd edib.
Rusiya Silahlı Qüvvələrinin hər gün bütün istiqamətlərdə irəlilədiyini deyən dövlət başçısı ölkəsinin hava hücumundan müdafiə (HHM) sistemini gücləndirməli olduğunu və hazırda bu istiqamətdə aktiv işlərin aparıldığını diqqətə çatdırıb. Rusiya ordusunun Kiyev vilayətinə endirdiyi zərbəyə toxunan Putin bunun Ukrayna Silahlı Qüvvələrinin Starobelskə etdiyi hücuma cavab olduğunu bəyan edib. O, Ukraynada baş verən cari hadisələrə məhz Avropa İttifaqının yürütdüyü siyasətin səbəb olduğunu iddia edib.
Rusiyanın heç vaxt Avropa ölkələrini təhdid etmədiyini və indi də belə bir niyyətinin olmadığını vurğulayan prezident avropalı siyasətçilərin Rusiya ilə mümkün hərbi toqquşma barədə bəyanatlarının yalnız öz vergi ödəyicilərini daha çox pul xərcləməyə məcbur etmək məqsədi daşıdığını bildirib. Putin Rusiyaya qarşı birbaşa hərbi təhdid yaradan bütün məntəqələrin qanuni hərbi hədəf olduğunu xatırladıb və ölkəsinin Kalininqrad vilayətini məhv etməyə çalışacaq hər kəsi yerlə-yeksan etmək üçün bütün lazımi vasitələrə sahib olduğunu vurğulayıb. Avropadakı informasiya məkanını da tənqid edən Rusiya lideri bəzən avropalıları məlumatlandıran kanalları izlədiyini, orada davamlı olaraq yalan danışıldığını, bunun tam bir rüsvayçılıq və qorxulu yuxu olduğunu əlavə edib.//nocomment.az













