Ermənistan Avrasiya İqtisadi İttifaqı (AVRİİ) ilə Avropa İttifaqı (Aİ) arasında qəti seçim barədə yalnız bu məsələ “bıçaq sümüyə dirənəndə” düşünəcək. Bu barədə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan bəyanat verib.
NOCOMMENT.az xəbər verir ki, baş nazirin müavini hazırda Ermənistanın AVRİİ-dən çıxmaq niyyətində olmadığını vurğulayıb. Məlumata görə, İrəvan hələ ki ittifaqdan ayrılacağı təqdirdə iqtisadiyyata dəyə biləcək ziyanı hesablamağa ehtiyac görmür. Qriqoryan məsələnin kəskinləşəcəyi təqdirdə konkret addımların atılacağını və lazım gələrsə, stress-testlərin keçiriləcəyini, lakin hazırda belə bir ssenarinin nəzərdən keçirilmədiyini qeyd edib.
Eyni zamanda, Ermənistan rəsmisi son vaxtlar Rusiyaya mal idxalında yaranan problemlərin siyasi deyil, texniki xarakter daşıdığını iddia edib və bu çətinliklərin tezliklə aradan qalxacağına ümid etdiyini bildirib. Qriqoryan həmçinin Baş nazir Nikol Paşinyanın ölkənin varlanması planları ilə bağlı fikirlərini bölüşdüyünü, lakin bunun necə baş verəcəyinin uzun bir müzakirə mövzusu olduğunu əlavə edib.














