“Əgər müəllimliyə namizəd şəhər məktəblərinin və ya region şəhərlərindən birini hədəfləyirsə, o halda əlbəttə ki, o, müəllimlərin işə qəbulu (MİQ) imtahanına daha çox çalışmalı və yüksək nəticə göstərməlidir. Biz bilirik ki, artıq Bakı şəhəri üzrə hər yerə ən azı onlarla namizəd müəyyənləşir. Əlbəttə ki, bu halda imtahan nəticələrindən çox şey asılıdır. Kimlərin balı maksimum bala yaxındırsa, onlar artıq şəhər məktəblərində çətinlik çəkmədən vakansiyaları təmin edə biləcəklər”.
Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli namizədlərin müəllimlərin işə qəbulu (MİQ) imtahanına necə hazırlaşmalı olduqlarından danışarkən bildirdi.

Həmsöhbətimiz vurğuladı ki, bu il artıq pedaqoji ixtisaslarda oxuyan sonuncu kurs tələbələri də universitetdən arayış təqdim etməklə MİQ imtahanlarında iştirak edə biləcəklər:
“Əlbəttə ki, bu, onlara müəyyən təcrübə qazandıracaq ki, növbəti illərdə əgər birinci cəhddə uyğun nəticə göstərə bilməsələr, növbəti illər üçün əlbəttə ki, daha hazırlıqlı olacaqlar və nəticəyönümlü iş üçün çalışacaqlar. Çox az günlər qalıb. Mən bütün müəllimlərin hamısına zehn açıqlığı, uğurlar arzulayıram”.














