Müəllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanı mərhələsinin iyul ayının əvvəlində keçirilməsi planlaşdirilir.
Gündəm24.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat prosesi artıq yekunlaşıb. Yekunda 40000-dən artıq namizəd müvafiq sistemdən qeydiyyatdan keçib. Məlumatlar emal edildikdən sonra müraciət təsdiqlənərsə, namizəd ödəniş mərhələsinə yönləndirilir.
“Nazirlər Kabinetinin qərarına əsasən, MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla keçirilir və iştirak rüsumu 60 manat olaraq təyin edilib. Qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyaya aid olan namizədlərdən 60 manat rüsum tələb olunmur :
* Müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
* Şəhid ailəsinin üzvləri;
* Müharibə veteranı adı almış şəxslər;
* Əlilliyi olan şəxslər;
* Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik yoxlanılacaq”.














